Şriftin ölçüsü / 412 dəfə oxunub

Qapalı tenderlər, xərclərin 38 dəfə şişirdilməsi və.... - Auditdən "Azəriqaz"la bağlı sensasion hesabat

27 Mart 2017 [16:56]
Bu günlərdə Dövlət Statistika Komitəsi "Azəriqaz”da ötən il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlamışdı. Lakin bunun ardınca "Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev YAP-ın saytına müsahibəsində qaz itkisinin bundan daha az-cəmi 2.6 milyon manatlıq olduğunu açıqlamışdı. 

Nəticədə heç kim baş çıxara bilmədi ki, kim düz deyir-Dövlət Statistika Komitəsi, yoxsa "Azəriqaz”ın rəhbəri?

Nüfuzlu "Ernst and Young” beynəlxalq audit şirkətinin "Azəriqaz” İB-da apardığı auditin nəticələrindən məlum olur ki, bu rəqəmlərin heç biri doğru deyilmiş. Və "Azəriqaz”da qaz itkisinin həcmi Dövlət Statistika Komitəsinin açıqladığından dəfələrlə çox-ildə 700 milyon kubmetr təşkil edirmiş. Bu, Albaniya kimi kiçik ölkənin illik qaz tələbatının az qala hamısı, Gürcüstan və Ermənistanın qaza olan tələbatının isə üçdə biridir.

Verilən qazın 19 faizi hara yoxa çıxır

"Ernst and Young” şirkəti "Azəriqaz”da auditi ötən il aparıb, hesabat dövrü 2013-2015-ci illəri, habelə 2016-cı ilin bir qismini əhatə edib. Auditin nəticələrinə əsasən "Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərclərində və təmir işlərində şişirdilir. İstehsalat Birliyində əsas probemli sahələr aşağıdakılardır: 2013-2015-ci illər ərzində "Azəriqaz”da qaz təchizatı və sərfiyyatı arasında uyğunsuzluq (balansın pozulması, yaxud qaz itkisi) 17 faizdən 19 faizə qədər artıb. Hər il qaz şəbəkəsində 508 mindən çox sızma qeydə alınır ki,  bunun 76 faizdən çoxu ya aradan qaldırılmır, ya aşkara çıxarılandan azı 90 gün sonra aradan qaldırılır. Sızmalar nəticəsində cəmi qaz itkisi 611 milyon kubmetr təşkil edib.

Satınalmalarda korrupsiya: qiymətlər 20 faiz şişirdilir

"Azəriqaz”a istehlak olunan qaza görə borcu yaranan 691 min abonent olsa da onların 80 faizinin qaz təchizatı kəsilməyib.  Hansı ki, bu, qanuna ziddir. Audit nəticələrinə əsasən "Azəriqaz” İB tabe olduğu SOCAR-ın satınalmalara dair tenderlərin keçirilməsi barədə təlimatlarını pozur. Alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir. Habelə "Azəriqaz” İB-nin indiki istehsalat və idarəçi kadrlarının sayı onun tələbatını xeyli aşır. Qaz təchizatı və istehlakı arasında balansın pozulması dünya üzrə ən yaxşı praktikanı 38 dəfədən çox ötüb keçir.

"Ernst and Young” müəyyən edib ki, "Azəriqaz” İB-də qaz itkilərinin, abonentlərə ötürülən qazla yığılan vəsaitin arasında uyğunsuzluğu araşdırmaq üçün faktor analizi həyata keçirilmir, itkilərin yaranmasının səbəbləri araşdırılmır. Auditin nəticələrinə əsasən ölkənin qaz operatorunun orta illik debitor borcu 200 milyon manatdan çoxdur, üstəlik "Azəriqaz”da debitor borclarla iş üzrə təsdiqlənmiş prosedur mövcud deyil.

Qaz itkisinin əsas səbəbi-sızmalar

Audit çərçivəsində şirkət 2016-cı l mayın 10-dan 16-na qədər "Azəriqaz”la birlikdə pilot layihə həyata keçirib. 121 abonenti olan çoxmərtəbəli binaya və 38 abonentə malik fərdi yaşayış sahəsinə verilən qazla sərf olunan qaz həcmi arasında uyğunsuzluq araşdırılıb. Məlum olub ki,  çoxmərtəbəli binada sərf olunan və sayğac göstəriciləri ilə qeydə alınan qaz həcmi ilə "Azəriqaz”ın bu binaya verdiyi qaz həcmi arasında 8.5 faiz, fərdi abonentlərə verdiyi qazla istehlak olunan qaz həcmi arasında isə 15.27 faiz fərq var. Bu fərqin əsasən 3 amildən yarandığı müəyyən edilib. Bunların arasında əsas rolu qaz sızmaları oynayır. (İtkilərin 90 faizə qədəri qaz sızmalarının payına düşüb). İkinci amil sayğac cihazlarının xətası və üçüncüsü temperatur korreksiyasının aparılmamasıdır. Audit şirkəti "Temizqaz” MMC ilə birlikdə həmin fərdi yaşayış sahəsində sızmaları aradan qaldırıb və nəticədə qaz itkisi cəmi 1.43 faizə düşüb.

İldə 700 milyon kubmetr qaz itkisi

"Hazırda "Azəriqaz” İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınır və bu zaman sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılır. Sızmalar nəticəsində illik qaz itkisi 700.8 milyon kubmetr təşkil edir”-audit nəticələrində deyilir. Hesabata əsasən sızmaların cəmi 2.4 faizi yeraltı borularda baş verir, lakin itkilərin 676 milyon kubmetri məhz bu sızmalar nəticəsində yaranır. Aşkar olunan sızmaların aradan qaldırılması qaydası təsadüfi müəyyən edilir, bu zaman sızmalardan nə qədər qaz itkisi yarandığı hesablanmır. Hazırda Bakı şəhərində metal qaz borularının cəmi 6 faizi (36.2 km) elektro-kimyəvi mühafizəyə malikdr. Həmin elektro-kimyəvi mühafizə stansiyalarının 29-dan 3-ü işlək deyil.

Audit müəyyən edib ki, "Azəriqaz” İB-ni smart sayğaclarla təchiz edən ITRI şirkəti indiki şərtlər və təchizatla heç ayda 8.5 min sayğacı yoxlamağa imkan vermir. Hansı ki, ayda azı 32.2 min sayğac yoxlanılmalıdır. Sayğacların vaxtında yoxlanılmaması nəticəsində qaz itkisi daha 5.32 milyon kubmetr artacaq.

Personal sayı şişirdilib

"Ernst and Young” bildirir ki, "Azəriqaz”ın təşkilatı strukturu da optimal deyil, personalın azı 27 faizi ixtisar oluna bilər. İstehsalat Birliyinin özündə və strukturlarında bir-birini təkrarlayan vəzifələr, şöbələr və nə işlə məşğul olduğu bilinməyən vəzifəlilər geniş yayılıb. Şirkət "Azəriqaz”ın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin də SOCAR müəssisələrinin ən yaxı praktikalarına uyğun gəlmədiyini bildirir.

Audit nəticələrinə əsasən "Azəriqaz” İB-nin qeyri-profil strukturu olan Təmir-Tikinti İdarəsinin həyata keçirdiyi təmir işlərində problemlər meydana çıxır, idarənin personal sayı normadan artıqdır, təmir işləri zamanı boşdayanmalar, işçilərin bir-biri ilə razılaşdırılmamış fəaliyyəti kimi problemlər yaranır.

Qapalı tenderlər, sayğacların alınmasında 20 faizlik şişirtmə

Şirkət müəyyən edib ki, 2016-cı ildə "Azəriqaz” tərəfindən satınalmaların 97 faizi qapalı tenderlərlə həyata keçirilib, bu da qiymətlərin şişirdilməsi riski yaradır. Tenderlərin 73 faizinə mal-material resurslarını istehsal edənlər yox, həmin resursları alıb satanlar dəvət olunur ki, bu da satınalma qiymətlərinin şişməsinə gətirib çıxarır. Məsələn, SOCAR tərəfindən tərtib olunmuş strategiya 8.7 milyon manat dəyərində "Elster” mexaniki qaz sayğaclarının və "İTRON” smart-sayğacların tenderdən kənar alınması qaydasını müəyyən edir. Lakin "Azəriqaz”ın bu sayğacları birbaşa istehsalçı şirkətdən və ya onların rəsmi dilerlərindən almasına dair heç bir sənəd yoxdur. Sayğacların alınması zamanı qiymətlər faktiki olaraq 20 faiz şişirdilib.

Podratçılardan biri xərci düz 38 dəfə şişirdib

Hesabatda o da deyilir ki, podratçıların müsabiqədən kənar seçilməsi ayrı-ayrı xidmətlərin haqqının bazar qiymətindən hətta 38 dəfə yüksək olmasına gətirib çıxarıb. 

"Ernst and Young” bildirir ki, "Azəriqaz” İB əsaslı tikinti və təmir işləri üçün baş podratçı kimi "Global Services” şirkətini seçir. Əslində isə bu işlər SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutuna sifariş verilə bilərdi. Çünki həmin institutun baş mühəndisi tikinti və təmir işlərini görmək üçün İnstitutun texniki və kadr potensialının tam kifayət etdiyini deyib. Nəticədə işlərin "Global Services”ə sifariş verilməsi nəticəsində təmir-tikinti xərcləri həmin İnstitutun təklif etdiyi qiymətlərdən 22 faiz artıq olub. "Sentra” adlı podratçı isə "Azəriqaz”ın sifarişini bazar dəyərindən düz 38 dəfə baha yerinə yetirib.

"Ernst and Young” şirkətinin audit hesabatında "Azəriqaz” İB-də hökm sürən korrupsiya, təsərrüfatsızlıq və yarıtmaz idarəçilik barədə başqa sensasion faktlar da yer alır. Virtualaz.org bu haqda növbəti buraxılışlarında oxucuları məlumatlandıracaq.

F.Məmmədov,
Virtualaz.org


SON XƏBƏRLƏR