"Hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır" - Sabiq nazir

img

27-03-2017 [13:06]


Ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4% artımı qeydə alınıb. Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? Cari ildə iqtisadi dirçəlişdən danışa bilərikmi?

Bu barədə Mia.az-a açıqlama verən sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib ki, ilk baxışda 0,4% həddində artım elə də böyük bir irəliləyiş deyil, lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür:

"Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2% azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqaisədə 0,4%  artmışdı. Deməli, cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadiyyatda nəinki 0,4% artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. 

Beləliklə, biz 2017-ci ilin yanvar-fevral aylarında baş vermiş bu artımın cəmisi 0,4% deyil, ümumilikdə 3,6% (3,2 +0,4) olduğunu görürük. Yəni cari ilin iki ayında sadəcə 0,4% artım əldə edilməyib, eyni zamanda keçən iliin iki ayı ərzində iqtisadiyyatda yaranmış 3,2% geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır".

Müsahibimizin sözlərinə görə, bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub:

"Bir daha rəqəmlərə nəzər salaq. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulu 2,3% artıb. 

Əgər nəzərə alsaq ki, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015 ci ilin müvafiq dövrü ilə müqaisədə bu göstərici üzrə  geriləmə 5,5% olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3% deyil, 7,8% (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir. Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0%, əsaslı kapital qoyluşu 5,7%, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2% (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8%), yükdaşımaların həcmi 4,4% artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6%-ə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5% artmışdı".

Sonda professor bildirib ki, bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq, hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR