Böyük Millət Partiyasından Bakıda erməni məhsulları satılmasına sərt etiraz - Bəyanat

img

26-03-2017 [23:58]


 Böyük Millət Partiyasının (BMP) sədri Samir Adıgözəlli Azərbaycanda məşhur brendlərdən olan OVS mağazalar şəbəkəsində Ermənistan istehsalı olan hərbi uşaq paltarlarının satılması və Türkiyənin "Emre Piliç Gida Sanayi ve Ticaret Limited” Şirkətinin rəhbəri Ömür Oralın bu yaxınlarda ölkəmizdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Partiya sədrinin adından yayılan bəyanatda deyilir:

"Məlum olduğu kimi, mediada tirajlanan bu xəbərlər ölkədə ciddi rezonansa səbəb olub. Jurnalistlər Bakıda satılan malların Ermənistanda istehsal olunduğunu sübut edən təkzibolunmaz faktları ortaya qoyublar. Buna baxmayaraq, mağaza rəhbərliyi etdiyi utanc hərəkətə görə, xalqdan üzr istəmək əvəzinə, bütün günahı jurnalistlərin üzərinə atmaq istəyir”.

BMP sədri qeyd edir ki, belə halların get-gedə geniş vüsət alması cəmiyyətimizin ciddi sayılan bəzi məsələlərə vaxtıda lazım olan tərzdə reaksiya verməməsilə bağlıdır:
 
"Son vaxtlar mən işimlə əlaqədar xarici ölkələrdə tez-tez oluram. Buna baxmayaraq, ölkədəki prosesləri yaxından izləyirəm. Hesab edirəm ki, Azərbaycana yumurta satan bir əcnəbi şirkətin rəhbərinin Bakının göbəyində oturub öz erməni şəriklərinə haqq qazandırması, hətta onları Qərbi Azərbaycanda doğulan soydaşlarımızla müqayisə etməsinə lazımi şəkildə reaksiya verilsəydi, bu gün biz erməni istehsalı olan mallarının dükanlarımızda satılmasının şahidi olmazdıq. 

Görün vəziyyət nə yerə çatıb ki, özünü Azərbaycanın ən "tanınmış” hüquqşunası sayan Aslan İsmayılov qeyd etdiyim qüsurlu müqayisəni aparan türk iş adamının yanında oturub, onun işlətdiyi ifadələrə züy tutmaqla məşğuldur. Hətta bir az da irəli gedərək, o, ermənilərin şərik olduğu şirkətin fəaliyyətilə bağlı həqiqətləri ictimaiyyətə çatdıran media quruluşlarını, iş adamlarını şantaj edir. Mən yerli sahibkarları bu tip adamlarla əməkdaşlığa son qoymağa çağırıram. Hesab edirəm ki, belə təxribatçı fikirləri yayan adamların ölkəyə buraxılmaması ilə bağlı məsələ də ciddi nəzrdən keçirilməlidir".

Bəyanatda daha sonra deyilir:
 
"Biz siyasi partiya olaraq, baş verən hər iki utancverici hadisədən sarsıldığımızı bildiririk.
Aslan İsmayılovun, onun hüquqlarını müdafiə etdiyi Ömür Oralın diqqətinə çatdırmaq istəyirik ki, ermənilərin ən təhlükəliləri elə Ermənistanda doğulmayanlardı! Dağlıq Qarabağda gedən müharibədə biz Ermənistanda doğulmayan çoxlu sayda erməni terrorçusunun vurşduğunun şahidi olmuşuq. Bir çox türk diplomatlarını Avropada və başqa yerlərdə qətlə yetirən ASALA terrorçularının hamısı bəyəm Ermənistanda doğulub? 

Ermənistanın işğalçı siyasətinə həm maliyyə, həm də informasiya dəstəyi verən erməni diasporunun nümayəndələrinin böyük əksəriyyəti heç İrəvanı görməyib. Bu faktor heç də ermənilərlə bağlı qüsurlu müqayisə aparmaq üçün əsas ola bilməz.

Biz əlaqədar rəsmi qurumlardan hər iki məsələ ilə bağlı ciddi araşdırma aparılmasını xahiş edirik. Siyasi partiya olaraq bəyan edirik ki, sözügedən şəxslər anoloji fəaliyyətlərini davam etdiricəyi təqdirdə, onların ofisləri və mağazaları qarşısında etiraz aksiyası keçirməyə məcbur olacayıq. Çünki  bizə nə ermənilərin yumurtası, nə də onların istehsal etdiyi paltar lazımdır”. 

Boyukmillet.com

Digər xəbərlər
SON XƏBƏRLƏR