“Yaponçik”lə görüş, Hikmətin cəzası, “Günəbaxan”da “sxodka”ya basqın - Kriminal aləmdəki sirlər (MÜSAHİBƏ)

img

24-03-2017 [17:15]


Moskva metrosunun "Novoslobodskaya” stansiyasının yaxınlığında görüş təyin edir. Təmtəraqsız, sıradan bir kafedir. İçəridə, stolların üstündəki çaydanlardan bəllidir ki, azərbaycanlıların kafesidir.

Amma içəridə əyləşmirik. Əvvəlcədən danışıbmış, ayrıca otağa keçirik. İçəri girən kimi də siqaretini stolun üstünə atıb, gödəkçəsini çıxarır. Söhbətə isə tamam başqa mövzudan başlayır.

- Dosutmdur, bayaq məni düşürən. Restoran işlədir, burada yaxında. Milyonu var, amma yenə də köhnə "Volvo”da gəzir. Bilirsənmi niyə?

- Gözə girməmək üçün?

- Xeyr. Xeyr, əzizim, həmin "Volvo”da bir vaxtlar Cövhər Dudayev gəzib. Bu da həmin avtomobili Peterburqda kimdənsə alıb. O avtomobilin Peterburqa necə gedib çıxması isə mənə maraqlı deyil düzü. Amma maşın Dudayevin olub, bu dəqiqdir. Sonradan bu avtomobili Avropadakı çeçenlər ondan almaq istəmişdilər, dəyərindən qat-qat artıq pul təklif etmişdilər, amma razı olmamışdı. Nə isə…Çay, ya kofe? Bu nə sualdı mən verirəm, bakılı nədən kofe içsin ki?

Çay sifariş verir. Özü də əncir mürəbbəsiylə.

-Mən həmişə ya heyva, ya da əncir mürəbbəsiylə işirəm. Bakını xatırladır hər halda... ”SUM”un (Mərkəzi Univermaq-S.M.) yanında Rza dayının çayxanası dururmu? Basindən üzü "SUM” gedəndə, Şahmat Evini keəçəndən sonra xudmani çayxana vardı. Rza dayı işlədərdi. Cavanlıqda ora yığışardıq. Kimlər gəlmirdi ora, kimlər. Nə söhbətlər olurdu? 

Hə, söhbət demişkən, heç də siz yazdıqlarınız kimi deyil hər şey. Uzağı 10-15 faiz. O gün oxuyuram "Piçuqa”dan (hazırda həbsdə olan qanuni oğru Yuri Piçuqin) yazıblar. Az qala Rusiya kriminalitetinin atası kimi təqdim edirlər. Yoxdu əziz qonaq, bitdi. Ded Xasandan sonra bitdi hər şey…

Bakılıdır həmsöhbətimiz. Bir vaxtlar Ukraynada özündən söz etdirimş birisi. İndi vaxtının çoxunu Rusiya paytaxtında keçirir. Kiyevə isə darıxanda gedir özü demişkən. Bakıya? Yox, illərdir bura gəlmir.

- Kimsə yoxdur Bakıda. Ümumiyyətlə heç kimim. Uşaqlar da rəhmətə gedib. Kimi öz əcəliylə, kimi də öldürüldü. Sonuncu dəfə Masallı Mamedlə görüşənəm. Nə bilim, bəlkə də 20 il olar. Həmin görüşdən heç kii gün keçməmiş eşitdim ki, "Viktoriya”da tutubar Mamedi. Burada Moskvada, Şelkovski tərəfdə "Viktoriya” restoranı vardı, indi bilmirəm durur, ya yox. Orda nahar edirmiş, giriblər içəri. Soruşublar ki, Mamed Hüseynov kimdi? Deyib ki, mən. Sakitcə deyiblər ki, dur gedirik. Aprıblar idarəyə, deyiblər ki, bu 2 qram heroin sənin cibindən çıxdı. Vəssəlam. Mamed də eləcə gülüb, bir söz deməyib, 6, ya  ay vermişdilər Mamedə. "Matrosskaya tişina”da yatdı. Günə gün. Ora çatanda isə artıq Mamedi tanıyırdılar. Mamed ehhh... Sonuncu mogikan idi Mamed.

- Hikmətdən sonra?

-Hə, elə demək olar.

Deyir, əslində Hikmətin ölümündən sonra Rusiyadakı azərbaycanlı kriminalitet çaş-baş düşür. Hərəsi bir tərəfə dağılırdı az qala.

- Gürcülərə sığınan kim. Ded Xasana yalvaran kim. Hərə özünə "krışa” axtarıdı. Yox, Rövşən hələ o qədər də tanınmırdı o vaxtlar. Mamed isə əlindən gələni elədi ki, onları bir araya yığsın.

 Sizə bir məqamı da deyim. Əslində, bunu bəlkə də az adam bilir. Mamed bizimkiləri - olar da belə deyim - toparlamışdı. 2006-cı ilin aprelində böyük qardaş çağırılan Hikmət Moskvada, Leninqrad prospektində güllələndi. Həmin vaxt "Yaponçik” də dəfnə gəlmək istəyirmiş, bunu bilirsiz. Amma Azərbaycana buraxılmayıb. Mamed isə dəfndə iştirak edəndən sonra birbaşa Moskvaya uçmuşdu. "Yaponçik”lə görüşə. Mamed gözəl bilirdi ki, Ded Xasan klanına qarşı duruş gətirmək üçün mütləq İvankovla, "Yaponçik”lə birləşmək lazımdı. Pərən-pərən düşmüş azərbaycanlıları da məhz onun ətrafına yığmaq istəyirdi. 

Amma bir məqam vardı ki, bu posesi ləngidirdi. Söhbət onan gedir ki, "Yaponçik” bir neçə il əvvəl Moskvadakı "Fidan” restoranında Türkiyədən olan iş adamlarının qətlində ittiham olunurdu. Həmin iş adamlarına isə Hikmət "krışalıq” edirmiş. Bu məsələ "Yaponçiklə” Hikmətin arasını soyutmuşdu. Bununla belə, "Yaponçik” sübut edə bilmişdi ki, həmin qətl onluq deyil. O, Hikməti inandıra bilmişdi.

Yeri gəlmişkən, sonradan məhkəmə də "Yaponçik”in bu məsələdə heç bir günahı olmadığını sübut etdi. Bütün bunlara baxmayaraq, bəziləri "Yaponçik”in səmimiyyətinə də inanmırdılar.  Mamedin isə yenə deyirəm, başqa əlacı yox idi. Ded Xasana inanmırdı, amma bilirdi ki, Hikmət "Yaponçik”lə dost olduğuna görə, ona necə deyərlər bir köynək yaxındır. Buna görə də, məhz onu seçir.

- Belə çıxır ki, Mamed də "Yaponçik”in "krışalığını” qəbul edir?

- Yox, əslində elə demək olmaz. Həmin vaxt Mamedə qarşı da bəzi dairələr çirkin təbliğat aparırdılar. Onun bazarlardan haqq yığdığını iddia edirdilər. Amma bilin, nə Hikmət, nə Mamed bazar-dükan adamı deyildilər. 

Yadımdadı, Hikmətin yaxın qohumu - məncə adı Yunus idi - Sarıyev qardaşlarının "Vıxino”dakı bazarlarında Hikmətin adıyla pul toplayırmış. Sarıyevlər bu barədə Hikmətə deimişdilər. Hikmət isə əslən Saatlıdan olan "Xan” adlı avtoriteti məsələni öyrənmək üçün ora yollamışdı.

 "Xan” bir neçə gün araşdırmadan sonra məsələnin həqiqət olduğunu Hikmətə demişdi. Hikmət isə onu cəzalandırmışdı. Elə Saryıev qardaşlarını da. Çünki bu barədə ona gec məlumat vermişdilər. 

Yeri gəlmişkən, Sarıyev qardaşlarının da sonu yaxşı olmadı. Məncə o qardaşlardan üçü öldürüldü. Əvvəl Çingiz, sonra digərləri. Həmin bazarı əllərində saxlayırlar, ya yox, deyə bilmərəm indi. 

Hə, harada qaldıq. Mamedi elə özümüzünkülərin gözü götürmürdü. Mamed isə yaxşı başa düşürdü ki, həmin ərəfədə, yəni Hikmət öldürüləndən sonra Rusiyada iki böyük kriminal qüvvə var ki, onların hökmranlığı ilə barışmaq lazımdır. "Ded Xasan” və "Yaponçik”.

Mamed isə haqlı olaraq "Yaponçik”i  seçmişdi. Başqa bir məqam. 2009-cu ilin martında Mamedi, Novxanılı Dadaşı, bir də səhv etmirəmsə, Qoca Bakinsikni Moskvadakı "Günəbaxan” restoranına "sxodka”da tutmuşdular. Həmin vaxt Mamed 2-3 ay idi ki, həbsdən çıxmışdı. Mamedi və dostlarını bir neçə saat saxlayandan sonra buraxmışdılar. Onun bədxahları belə bir şaiyə yaymışdılar ki, guya Mamed polisdə ifadə verəndə qanuni oğru olduğunu gizlədərək, deməyib. Amma bütün bu söz-söhbətə "Yaponçik” son qoyubmuş. "Sxodka” çağıraraq ifadənin sürətini ortaya qoyubmuş. Məlum olmuşdu ki,  Mamed dindirilərkən qanuni oğru olduğunu deyibmiş.

"Yaponçik” həmin ilin səhv etmirəmsə dekabrında öldürüldü. Bir neçə ay sonra isə Mamed Azərbaycanda həbs edildi və 4 ay sonra həbsxanada dünyasını dəyişdi. Ondan sonra isə azərbaycanlılar öz mövqelərini belə demək mümkünsə əldən verməyə başladılar.

- Bəs Lənkəranski?

- Lənkəranski sonuncu nəsil qanuni oğrulardandır. Masallı Mamed isə klassik oğruların son nümayəndəsi idi, belə desək. Bunları qarışdırmayın. Bəli, Lənkəranski prinspial, qorxmaz, necə deyərlər qabağından yeməyənin biriydi. Ona görə, "Ded Xasan” belə ondan ehtiyat edirdi. 

Amma Lənkəranskinin Ded Xasanı öldürməsiylə də razılaşa bilmirəm. Səbəbini deyim. 

Ümumiyyətlə bilin, qanuni oğrular bir-birinin qətlini sifariş etməkdənsə, onları "neprav” çıxarıb Oğru Ailəsindən qovulmasında maraqlıdırlar. Çünki bu təkcə həmin oğrunun deyil, ona biyət edənlərin də sonuna gətirib çıxarır. 

Baxın, ”Ded Xasan” öldürüldü, amma onun varisi "Şakro” türmədə olsa da, sağdır. Yəni olmasın Aslan Usoyan, olsun Zaxari Kalaşov. Lənkərənski isə təkbaşına az qala hamıyla vuruşurdu. 

Burada bir məqamı da qeyd edim. 90-cı illərdən fərqli olaraq, son illərdə kriminal avtoritetlərin, bu və ya digər qruplaşmaların da necə deyərlər təmərküzləşməsi baş vermişdi. Daha əvvəlki kimi ənənəvi briqadalar da mövcüd deyildi. Məsələn, Moskvadakı Solntsev, Orexevo, Podolsk, Lyubertsk kimi briqadalar. Eləcə də 90-cı illərdə bütün Rusiyanı lərzəyə gətirən regional mafioz qurplar və bandit dəstələr. Onların çoxu öldürülmüşdü, "Mixas”dan, "Silvester”, "Solonik”dən tutmuş elə bayaq adlarını çəkdiklərimizə qədər.

 Son illərdə artıq sözün həqiqi mənasında bu və ya digər bazarlarda, ticarət nöqtələrində təsir dairəsi lə bağlı müharibələr başlamışdı. Və təkcə silahlı müharibələr də yox, bəzən oğru qanunlarına zidd olaraq məhkəmə davasına kimi çıxılırdı. 

Yeri gəlmişkən Padva, Qofşteyn kimi bahalı vəkilləri belə sifariş verirdilər. Qofşteyn Fizuli Məmmədovun, Frenk Elkaponenin də vəkili olub. Bu həmin Qofşteyn idi ki, Şakro Molodoy 30-dan çox qanuni oğruyla bərabər İspainyada saxlanılanda, o da onların yanında olub. 

Deməyim odur ki, adını çəkdiyim müharibəyə artıq çox adam qarışmışdı. Rövşən isə Mamed, Hikmət kimi nə qədər çalışsa da, azərbaycanlıları bir araya yığa bilmədi. Əksinə, Vaqif, "Danabaş İlqar”, Baxış və digərləri "Ded Xasan”ın yanında yer almışdılar və Rövşənlə birbaşa düşmənçilik edirdilər. Bazarlar uğrunda mübarizədə isə Rövşən gürcü avtoritetlərlə birgə idi.

- Bazarlar demişkən, bizimiklər nə vaxt ələ keçirdilər bu bazarları?

- Bu, artıq başqa söhbətdi. Hər şey "Fantomas”, "Şah”, Ata, elə bayaq haqqında danışdığımız Sarıyev qardaşlarından, eləcə də digərlərindən. Və bir gün məlum oldu ki…

(Ardı var)

Səbuhi Məmmədli,

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR