Manata 2 il içində niyə inam itib? - Beynəlxalq analitiklərdən manatla bağlı proqnozlar

img

23-03-2017 [19:11]


"Azərbaycan manatına inamı qorumaq üçün 10 il lazım olub, lakin 2 il ərzində bu valyuta inamı itirib". 

Bu barədə məşhur "Bloomberg” agentliyi təhlil xarakerli yazı ilə şıxış edib.

Agentlik qeyd edir ki, inamın itməsinə 2 devalvasiya kifayət edib. Fevral ayı ərzindəki rallidən sonra manat qlobal valyutalar arasında dollara nisbətən ən çox möhkəmlənən valyuta olub. Buna baxmayaraq, ölkə əhalisi manata inanmır. Bir qədər öncə qeyd etdiyimiz kimi, ikili devalvasiyadan sonra manata inam azalıb.

Son 20 ildə ilk azalmadan sonra ölkə iqtisadiyyatı bərpa olunmaqdadır. Lakin valyuta böhranı və ikirəqəmli inflyasiya öz sözünü deməkdədir. 

"Sberbank CIB”-in analitikləri hesab edir ki, qeyri-müəyyənliyin əsas mənbəyi Azərbaycan Mərkəzi Bankının (AMB) qeyri-müəyyən monetar siyasətidir. 

Analitiklər bildirir ki, bu siyasət "bir qədər ardıcıl deyil”. AMB keçirdiyi depozit hərracları və banklara verdiyi maliyyə dəstəyi ilə manatın likvidliyini qorumaq istəyir. 

Analitiklər Aleksandr Qolinski və Rodion Lomivorotov yazırlar: "Əhalinin böyük bir qismi manatın hazırkı məzənnəsini müvəqqəti hesab edir. Bu, mövsümi amillərlə izah olunur. Əksəriyyət hesab edir ki, ucuzlaşma ilin ikinci yarısında bərpa olunacaq. Neftin qiyməti hazırkı səviyyədən aşağı ensə, bu, qaçılmazdır”.

Maraqlı məqam ondan ibarətdir ki, yanvardan etibarən Brent markalı neft təxminən 10% ucuzlaşıb, lakin neft valyutası olan manat bu müddət ərzində 13% möhkəmlənib. Bu baxımdan manat Gürcüstan və Meksikanın milli valyutaları olan lari və pesonu qabaqlayıb. 

Ölkə əhalisi isə əmanətlərini xarici valyutada qorumaqda maraqlıdır. AMB-nin statistikasına əsasən, yanvarın sonuna banklardakı depozitlərin 81,3%-i dollardadır. Halbuki 2016-cı ilin sonuna bu göstərici 79,6% olub.

"Fitch” beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Qembl bildirir ki, təşkilat üçün depozitlərin dollarizasiyası milli valyutaya olan inamın əsas göstəricisici: "Azərbaycanda isə dollarizasiya olduqca yüksək səviyyədə qalmaqdadır”.

Bu ilin əvvəlindən AMB tam üzən məzənnə rejiminə keçib. Buna qədər isə Mərkəzi Bank valyuta ehtiyatlarının 2/3-ni əridib. Ötən ilin sentyabr ayında isə manata təzyiqləri azaltmaq üçün tənzimləyici uçot dərəcəsini 15%-dək artırıb. Cari ilin yanvar ayında AMB valyuta alqı-satqısı zamanı tətbiq olunan (-/+) 4%-lik marjanı ləğv edib.

"Bank of America”nın Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı olan Vladimir Osakovski isə qeyd edir ki, yüksək uçot dərəcəsi və dedollarizasiya prosesləri fonunda manat daha da güclənmək üçün bir şans əldə edib.

Pol Qembl isə bildirir ki, növbəti ildə Azərbaycanın cari hesablarında profisit gözlənilir və bu da manatın lehinə olan amillərdəndir. 

"Manata inamın bərpası isə bu valyutanı daha da möhkəmləndirəcək”, - deyə, o, qeyd edib.

APA 

Digər xəbərlər
SON XƏBƏRLƏR