Şriftin ölçüsü / 150 dəfə oxunub

Bayram süfrəsi neçəyə başa gəlir? - Qiymətlər + VİDEO

18 Mart 2017 [21:31]
Bayram günü hamı masasında bolluq, bərəkət görmək istəyir.

Təbii ki, Novruzun əvəzedilməz atributu şəkərbura və paxlavadır. 4 nəfərlik ailənin bayram süfrəsi üçün bu şirniyyatları hazırlamağa təxminən 1 kiloqram qoz və bir o qədər fındıq ləpəsi, 500 qram yağ, 1 kiloqram şəkər tozu, 1 kiloqram un, müxtəlif ədviyyatlar və 10 yumurta lazımdır ki, bunlara da minimum 44 manat xərcləmək gərəkdir.

Bayramların şah yeməyi olan plov üçün isə düyü, aşqarası üçün ət, yağ, şabalıd və meyvə quruları lazım olur.

Bir sözlə, plov üçün 1 kiloqram düyü, 1 kq. ət, 300 qr. yağ, hərəsindən 300 qram olmaqla ərik, şabalıd və kişmiş lazımdır və bunların da alınmasına 26-28 manat xərclənir.

Süfrədə plovla yanaşı, yarpaq dolması olduğunu da hesablayaq.

1 kq. qoyun əti 8 manat, yarpaq - 2 manat, 2 stəkan düyü - 50 qəpik, 1 dəstə keşniş, şüyüd və nanə - 60 qəpikdir. Dolma da 11 manat 10 qəpiyə başa gəlir.

Süfrə əlbəttə meyvəsiz olmaz.

Hər meyvədən yarım kilo aldığımızı hesablasaq: alma - 1 manat 50 qəpik, armud - 2 manat, mandarin - 2 manat, portağal - 1 manat 25 qəpik, banan 1 manat 50 qəpik. Ümumilikdə, 4 nəfərlik ailənin meyvə almağa minimum 8 manat 25 qəpik pulu çıxır.

Sadaladıqlarımızın toplam dəyəri 91 manat 65 qəpik edir. Yəni 4 nəfərlik ailə 1 günlük bayram süfrəsi üçün minimum bu məbləği xərcləməlidir.

Nə qədər xərcləməyinizdən asılı olmayaraq, Allah süfrənizə bərəkət versin!



SON XƏBƏRLƏR