"Ermənistan depressiyada yaşayan bir ölkədir" - Prezident

img

18-03-2017 [16:56]


"Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir. Daxili vəziyyətimiz sabitdir". 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışında deyib.

Prezident bildirib ki, bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir: "Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də məhz budur. Hər şey müqayisədə ölçülür. Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr bizi çox narahat edir. Çünki biz təcrid olunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə, bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq. Yenə də qeyd etmək istəyirəm, bunu ancaq xalq-iqtidar birliyi qoruya bilər”.

Ölkə başçısı əlavə edib ki, Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır: "Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiyada vəziyyət əfsuslar olsun ki, gərginləşib. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq. Azərbaycan xalqı bu 25 il ərzində açıq-aydın görür ki, bizim siyasətimiz ən düzgün siyasətdir. Biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik".

"Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur. Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib: "Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir.

Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik.

Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq".





Digər xəbərlər
SON XƏBƏRLƏR