Şriftin ölçüsü / 465 dəfə oxunub

Baş redaktor: “Mövludun qardaşı müstəntiq işləyir, xalası Xumar Qədimovadır..." - MÜSAHİBƏ

18 Mart 2017 [13:55]

Martın 16-dan bəri media və ədəbiyyat cameyəsi gənc yazar Mövlud Mövludun (Abdullayev) intiharı ilə şokdadır. 28 yaşlı gəncin ürək dağlayan hekayəsi və intiharının arxasındakı suallar isə hələ də müzakirə mövzusudur. Xatırladaq ki, o, özünü Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən yerə atıb və hadisə yerində ölüb.

Dediyimiz kimi, ortada xeyli cavabsız suallar var. Belə bir ərəfədə isə hər nə qədər jurnalistika qaydaları yaxınları, ailə üzvlərini danışdırmağı tələb etsə də, bu, çox nadir hallarda baş tutur. Çünki yaxınları bu ağrılı intiharın şokunu hələ də üzərlərindən ata bilməyib. Amma Mövludun "ikinci evi” sayılan iş yerindən bəzi suallara cavab tapa bildik. Ölümündən öncə çalışdığı "Gündəlik Teleqraf” MMC-in sahibi Aynur Camalqızı musavat.com-a müsahibəsində bəzi məsələlərə aydınlıq gətirdi, sevimli işçisi Mövludun ölümündən keçirdiyi ağrını bizimlə paylaşdı.

- Aynur xanım, cəmiyyət, xüsusən də media sektoru Mövludun intiharının şokundadır hələ də. Hər kəsin bu gəncə ürəyi ağrımaqla yanaşı, səbəb də axtarır bu faciəyə. Nə idi bu intiharın arxasındakı səbəb? Məlumat və təxminləriniz nə deyir?

- Təbii ki, hamı kimi mən də şokdayam. Mövlud çox simpatik, istedadlı gənc idi. Həyatsevər, parlaq, işıqlıydı. Onun bir gün intihar edəcəyini təsəvvür belə etməzdim. Son bir neçə aya qədər onda depressiv bir durum hiss etməmişdim. Teleqraf.com-da redaktor idi, həvəslə işləyirdi, ədəbiyyatla bağlı maraqlı ideyaları vardı. Son aylarda həyat yoldaşıyla (jurnalist Sevinc Fədai-red.) aralarında müəyyən problemlərin olduğu deyilirdi. Sonra Sevinc Fədai bizdən işdən getdi, başqa sayta keçdi. İşdən gedərkən, deyəsən, evdən də gedib, atasıgilə köçüb. Ailəiçi məsələ olduğu üçün danışmaq istəmirəm bu barədə. Amma düşünürəm ki, Mövludun intiharında bu ayrılığın rolu güclüdür. Həyat yoldaşının boşanacağını düşünərək depressiyaya düşdü. Tez-tez intihar edəcəyini deyirmiş. Əlbəttə, adam inanmaq istəmir. Ona görə də heç kəs inanmazdı ki, dediyini edər. Biz sonadək ona dəstək olmağa çalışdıq. Bütün kollektiv şahiddir ki, çox şey etdik. Amma görünür, hər şey edə bilmədik. Təxminən 15 gün öncə xəstəxanaya göndərdik. Bir həftə xəstəxanada qaldı, müalicə aldı. Keçəcəyini güman edirdik. Görünür, keçməyibmiş. İnanın ki, özümü çox günahkar sayıram. Sarsıntı içindəyəm. Mövlud kimi bir gəncin yetişməsi üçün 28 il vaxt lazımdır. Ədəbiyyat adına böyük itki sayıram, istedadına heyfislənirəm. Onu qorumaq lazım idi.

"Axırıncı gün çağırdım otağa, danışdıq. Fikri dağınıq idi, sanki məni heç dinləmirdi”

- Eyni iş yeri, kollektiv ikinci ailə deməkdir. Ən azı ailəsi qədər tanıyırdız Mövludu demək ki...

- Əlbəttə ki. İş yeri bizim ikinci evimizdi. Günün çox hissəsini bir yerdə keçirdiyin insanlarla təbii ki, çox doğmalaşırsan. Mövludu redaksiyada hamı çox istəyirdi. Mehriban idi, sevimli idi. İndi düşünürəm ki, sevgiyə, ilgiyə çox ehtiyacı olan bir adam imiş. Həssas idi, tez qırılan idi. Qohum-əqrəbası ilə əlaqə saxlamırdı bildiyim qədər. Ona görə də Sevinc onu tərk edən kimi təkləndi. İndi yoldayıq. Kollektivimizlə birgə onun dəfn mərasiminə gedirik. Çox istərdim onun valideynlərindən soruşum ki, Mövludu niyə tək qoymuşduz? Onun sığınmaq, söykənmək üçün bir çiyinə nə qədər ehtiyacı var imiş...

- Onunla son görüşünüzü necə xatırlayırsız?

- Sonuncu gün işdə mənə dedilər ki, Mövlud çox əsəbidir. Səhər iclasda bir neçə dəfə baş redaktorla mübahisə edib. Köməkçim Humay dedi ki, onunla danışmağa ehtiyac var. Çağırdım. Rəngi bəmbəyaz, fikri dağınıq idi. Üzünə baxanda ürəyim sıxıldı. Aydın Dadaşovun ölümündən danışmağa başladı. Dedi, tələbələrindən açıqlamalar alırıq. İradə Musayevadan, Elçin Əlibəylidən açıqlama aldıqlarını, digərlərini axtardıqlarını dedi. Yəqin elə bilirdi ki, işlə, gündəmlə bağlı çağırmışam. Bir neçə dəfə "narahat olmayın, hazırlayıb sayta qoyacağıq” dedi. "Niyə beləsən, sənə nə olub”, deyə soruşdum. "Bəlkə səni Sevinclə barışdıraq”, dedim hətta. Dedi, "yox, qətiyyən ona zəng etməyin”. Dedim, "Mövlud, güclü ol, sən güclü olmalısan, bunlar hamısı keçəcək. Məndən asılı nə varsa, eləyim. Sənin arxandayıq, möhkəm ol”. Soyuqqanlılıqla "yaxşı” dedi və getdi. Mənə elə gəldi ki, o, heç məni dinləmir, sanki fikri başqa yerdədir. Çox narahat oldum. Əlimi telefona uzatdım ki, xalasına - Xumar Qədimovaya zəng edim, vəziyyətə izah edim, kömək istəyim. Sanki qolumdan tutub saxladılar. Hələ tezdir, bəlkə yatır, günün ikinci yarısı zəng edərəm deyə düşündüm. Sonra başım qarışdı, zəng etməyi də unutdum. İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram.

"İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram”

- Öldüyü zaman cibindən çıxan cüzi qəpiklər... Mövludla bağlı ağılda qalan mənzərə həm də budur. Onun həm də kasıblıqdan, maddi problemlərin çoxluğundan intihar etdiyi yayılan söhbətlər sırasındadır... Bu məqamda istər-istəməz onun baş redaktoru olaraq sizin söz haqqınız yaranır – işçiniz Mövlud kasıblıqdan əziyyət çəkirdi?

- Mən bunu deyənlərə facebookda da etiraz etmişəm. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi. Onun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı. Mövludu tanıyanlar bilir ki, o pul-para dalınca heç vaxt qaçmayıb. Bizdə də redaktor kimi normal maaş alırdı. Mən də həmişə maddi problemi olanda dəstək vermişəm. Dünən facebookda rast gəldim bu fikrə - intihar böyük bir sualdır. Bəli, hansı səbəbdən baş verdiyini anlamaq o qədər çətindir ki. Bəs psixoloq Dəyanət Rzayev niyə intihar etdi? O ki maddi durumu qaydasında olan bir insan idi? Üstəlik, psixoloq. Yəni, birmənalı cavab vermək çox çətindir. Bircə onu bilirəm ki, belə insanların tək qalması təhlükəlidir. Belə depressiv vəziyyətdə dostlar, qohumlar onu tək qoymamalıydı.

"Mövludun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı”

- Mövlud ölümündən öncə bir neçə gizli mesaj verib sanki. Facebook profilini bağlayıb, qapısının üstünə iki ürək şəkli yapışdırıb, redaksiyanın yaxınlığındakı binanın 17-ci mərtəbəsindən özünü atıb... Bütün bu mesajları bir araya gətirəndə, hansı nəticəni çıxarmaq olar?

- O mesajlarda nəyi nəzərdə tutduğunu özündən başqa heç kəs bilə bilməz. Profilini son vaxtlar tez-tez bağlayır, sonra açırdı. Son mesajını oxumuş olsaydım, mütləq onu axtarardım. Təəssüf edirəm ki, facebookda olmamışam o saatda. Kimsə xəbər etsəydi, mütləq şübhələnərdim. Çünki intihar edəcəyini işdə də, dostlarına da deyirmiş son günlər. Mən hər dəfə Sevincə, yaxud Mövludun xalasına, qardaşına zəng etməyə cəhd edəndə sanki gözəgörünməz qüvvə qolumdan tutub saxlayırdı. Onu da fikirləşirəm ki, bəlkə əcəl imiş bu? Sadəcə intihar formasında baş verdi? Bəlkə Tanrı ona elə 28 il ömür yazıbmış? O qədər cavabsız suallar var ki...

"Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı”

- Bu günlərdə sosial şəbəkədə bəziləri Mövludun həyat yoldaşı Sevinc xanımı onu tək qoyduğu üçün qınayır. Siz Sevinc xanımla, eks işçinizlə bu barədə danışmısızmı? Mövlud həyatının son dəqiqəsində onunla əlaqə saxlayıbmı, sağollaşıbmı? Məlum, bizim onunla danışmaq imkanımız yoxdur, çünki mediaya cavab verəcək əhvalda, durumda deyil...

- Mövludla Sevinc son gün danışıbmı, görüşübmü, bilmirəm. Amma həmin gün axşam saatlarında Sevinc Fədai bizim redaksiyaya gəlibmiş. Bunu səhəri gün gecə növbəsinin redaktorları danışdılar. Mövludgil redaksiyanın yaxınlığındakı bir binada kirayə qalırdılar. Redaktorlar deyir ki, sevindik, elə düşündük ki, barışıblar, ona görə Sevinc bura gəlib... Sonra nə baş verdiyini bilmirəm. Sevinclə danışmamışam. Mövludun ölümünün sarsıntısındadır yəqin ki. Sevinci mən də qınayıram. Onu da, özümü də, bütün dünyanı da qınayıram. Gərək onun əlini heç buraxmayaydı. Qoruyaydı Mövludu. Bunu o, etməli idi. Aradan nə keçirsə keçsin, azərbaycanlılar sivil yolla, dost kimi ayrılmağı bacarmırlar. Ustəlik, ortada körpə uşaq var. Mövludun həyatının son günlərində mərhəmətə ehtiyacı olub. Bir ələ ehtiyacı olub. Onu tutub saxlayan ələ. Məni düzgün anlamağa çalışın. Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı.

- Dəfn mərasimində valideynlərinin iştirak etməməsi barədə söz-söhbətlər yayıldı. Doğrudurmu?

- Xeyr, yalandır. Ata-anası, qardaşı, xalaları hamısı orda idi. Atasını dünən səhər həyat yoldaşım Bakıdan yola saldı. Anası onsuz da Qazaxdaydı. Amma Sevinc yox idi, öz atasıgildədir.



SON XƏBƏRLƏR
22:59 21.07.2017
Prezident Rusiyaya getdi