Şriftin ölçüsü / 250 dəfə oxunub

Yeni komissiya yaradıldı: - Əli Əhmədov sədr, nazirlər üzv oldu

17 Mart 2017 [22:30]
Prezident İlham Əliyev Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə belə qərar verilib: 

1. Aşağıdakı tərkibdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:

Komissiyanın sədri

Əli Əhmədov,  Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Fazil Məmmədov,  Azərbaycan Respublikasının vergilər naziri

Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Tahir Budaqov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Səttar Mehbalıyev,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Məmməd Musayev,  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti.

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

3. Komissiyaya tapşırılsın ki:

3.1. ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etsin;

3.3. bu Sərəncamın 3.1-ci və 3.2-ci bəndlərində müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

3.4. əmək bazarının tənzimlənməsi göstəricisi üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etsin və həmin Komissiya ilə əməkdaşlığın həyata keçirilməsini təmin etsin;

3.5. əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


SON XƏBƏRLƏR