İcra başçısı həbsdə olan jurnalistdən nə istəyir? - Məhkəmə

img

09-03-2017 [10:25]


Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov xuliqanlığa görə həbs edilən jurnalist, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqovu yenidən məhkəməyə verib.

İcra başçısı jurnalistin böhtana görə də mühakimə olunmasını istəyir.

Bu haqda jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, icra başçısının təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdə qeyd olunur ki, Ə.Sadıqovun məqalələrində və açıqlamalarında ona yönəlik böhtan məzmunlu ifadələrə yol verilib: "İcra başçısı məhkəmədən tələb edib ki, jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsinə əsasən məsuliyyətə cəlb edilsin".

Məhkəmə hazırlıq iclası martın 7-nə təyin edilib. Ancaq bu haqda məlumat vəkilə və jurnalistin ailəsinə martın 8-də çatıb. Onlar prosesə qatıla bilməyib.

E.Sadıqov xüsusi ittiham qaydasında şikayətin qanuni olmadığını, məhkəməyə etiraz təqdim edəcəklərini, işə ədalətli baxılarsa ittihamın rədd edilməli olduğunu ifadə edib.

Xatırladaq ki, Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Əfqan Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

Əfqan Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilib.

Azadliq.org


Digər xəbərlər
SON XƏBƏRLƏR