"Düşmənin təxribatlarına qarşı amansız tədbirlər həyata keçiriləcək" - Hərbi ekspertdən xəbərdarlıq

img

25-02-2017 [12:23]


Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Döyüş toqquşması nəticəsində itkilərimiz var. Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Mia.az xəbər verir ki, hadisə ilə bağlı hərbi ekspert Üzeyr Cəfərov münasibət bildirib. O qeyd edib ki, cəbhə bölgəsində baş verənlər gözlənilən idi: 

"Son günlər təmas xəttində ermənilər xeyli aktivləşmiş və onların istifadə etdikləri silah-sursat da kifayət qədər ciddi idi. Onlar minamiyot və ağır artilleriyadan istifadə edirdilər. Dünən düşmən cəbhə xəttində əlverişli mövqey sayılan Xocavənd, Füzuli istiqamətində hücuma keçiblər. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib. Buna baxmayaraq düşmən ağır artilleriya silahından istifadə etməsi itki verməyimizlə nəticələnib. 

Yəqin ki, yaxın saatlarda Müdafiə Nazirliyi bu məsələyə aydınlıq gətirəcək. Amma fakt faktlığında qalır ki, artıq düşmən açıq təxribata keçib. Narahatlıq üçün əsas yoxdur. Silahlı Qüvvələrimiz vəziyyətə nəzarət edir və amma yenədə son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır".

Üzeyir Cəfərovun fikrincə, ermənilərin atəşkəsi pozmasının arxasında iki məqsəd var: 

"Onlardan biri Xocalı, ikincisi isə itirdikləri mövqelərə geri almaq. Düşmən hələ də təxribatından və niyyətindən əl çəkmir. Amma bunu qarşısı alınacaq. Ən əsası odur ki, Azərbaycan silahlı qüvvələri onların bu fikirini əvvəlcədən bilirdi. 

Çox təəssüflər olsun ki, bu beynəlxalq qurumların daha çox arzuladığı xoşagəlməyən mənzərədir. Onlar cəbhədə qan tökülməsini istəyirdi. İki prezident bir araya gətirsinlər və ATƏT-in mənasız Minsk qrupu yenə də fəaliyyətə keçsin. Təəssüf ki, onların fəaliyyətsizliyi bu gün belə ağır nəticələrə gəlib cıxır.”

Hərbi ekspert hesab edir ki, ermənistanın bu təxribatçı hərəkəti cavabsız qalmayacaq: 

"Ola bilər ki, Azərbaycan rəhbərliyinin qərarı ilə aprel döyüşlərində olduğu kimi, onların təxribatlarına qarşı amansız tədbirlər həyata keçirilsin. Düzdür, ön xəttə düşmən xeyli sayda ağır silahlar cəmləyib. İtkilərimizin çox olması qaçılmazdır. Əgər düşmənin hərəkəti layiqincə cavablandırılacaqsa, istər-istəməz açıq döyüş olacaq. Belə döyüşlərdə də itkilərin sayı hər zaman çox olur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR