Azərbaycanın deputatı “Xocalıya ədalət” mitinqində - Soydaşlarımızdan Brüsseldə aksiya (FOTOLAR)

img

24-02-2017 [21:29]


Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Brüsseldə, Avropa İttifaqı siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının qərargahı önündə "Xocalıya ədalət” şüarı altında keçirilmiş mitinqdə iştirak edib.

Şuradan Mia.az-a verilən məlumata görə, azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitingdə Ə.Amaşov bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar.

Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb:

"Məqsəd bəllidir – Qafqazda türk varlığına son qoymaq. Xocalı soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədildi. Bu soyqırım bəşəri cinayətdir. Bura toplaşmaqda məqsədimiz də insanlıq əleyhinə olan cinayət əməllərinə dünya ictimaiyyətinin diqqətini çəkməkdir. Ortada Xocalı faciəsinin timsalında mütərəqqi beynəlxalq aləmin layiqli hüquqi qiymət verməli olduğu dəhşət var. Xocalıda 613 dinc sakin qətlə yetirildi. 1200-dən şəxs amansız işgəncələrə məruz qaldı. 155 nəfərin taleyinə hələ də aydınlıq gəlməyib. Meyitlərin təhqir olunması erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin göstəricisi idi.

Ancaq təəssüf ki 25 ildir bütün bunlara layiqli qiymət verilmir. Halbuki Xocalı soyqırımı "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən müddəalara tam uyğundur. Konvensiyada göstərilir ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Biz bu gün bunu tələb edirik.

Ümumən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb edirik. Çünki bu münaqişə mahiyyət etibarilə soyqırımı cinayətlərinə rəvac verən münaqişədir. Qarabağda çox dəhşətlər yaşanıb. Dünya birliyi bu dəhşətlərin bir daha yaşanmayacağına təminat verməlidir. Təminat isə Azərbaycanın haqq səsinin müdafiəsindən keçir.”

O, həmçinin Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib.

Ə.Amaşov deyib ki, ermənilər uzun illərdir qondarma "erməni soyqırımı” iddiası ilə dünya gündəmini işğal ediblər:

"Bu, bir gerçəklikdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini edir. Buna qarşı əks təbliğatın aparılması zəruridir. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması mütləqdir”.




Digər xəbərlər
SON XƏBƏRLƏR