Keçmiş SSRİ-də kosmik gəmi hazırlayan azərbaycanlı: “Heydər Əliyev hərəmizə bir qovluq verdi, dedi ki..."

img

22-02-2017 [12:53]


Füzuli Fərəcov Azərbaycanın qürur duyacağı bir şəxsiyyətdir. Rusiyanın İctimai Elmlər Akademiyasının həqiqi üzvüdür, məşhur  "Buran”  kosmik təyyarəsinin yaradılmasında bilavasitə iştirak edib. 

Mia.az onun Rusiya mətbuatına verdiyi müsahibəsini təqdim edir:

- Füzuli Ataşoviç, belə demək mümkünsə, məhz Heydər Əliyev sizə həyata vəsiqə verib... Siz Bakıda imtahan verib Moskvaya yollanmısınız, orda Moskva Aviasiya İnstitutuna (MAİ) daxil olmusunuz...

- Bəli, mən Azərbaycanın Ağsu rayonunun kəndindən çıxmış sadə bir oğlanam. 1976-cı ildə Bakıda fizika-riyaziyyat təmayüllü xüsusi məktəbi bitirmişəm. Azərbaycan dilində təhsil almışam, o zaman rus dilini heç bilmirdim. Təsadüfən öyrəndim ki, Azərbaycan Politexnik İnstitutuna qəbul keçirilir. Sənədlərimi verdim və imtahandan keçdim. O vaxtlar Sovet İttifaqının istənilən nöqtəsindən ürəyin istəyən institutu seçə bilərdin. Mən də bu minvalla Moskva Aviasiya İnstitutunun təyyarəqayırma fakültəsinə daxil oldum. Bu günü və Heydər Əliyeviç Əliyevlə ilk görüşümü heç vaxt unudan deyiləm. 

1976-cı ilin avqustunda Heydər Əliyev Bakıdakı Lenin adına Sarayda (hazırda Heydər Əliyev Sarayı) Sovet İttifaqı institutlarına qəbul olunmuş yüz əlliyə yaxın tələbə topladı. O şəxsən hər birimizə bir qovluq təqdim elədi. Məlum qovluğun içində Moskvaya bilet, dəftərlər və əlli rubl vardı. Bu məbləğ biz təqaüd alanacan zəruri xərclərimiz üçün nəzərdə tutulmuşdu. Bizə hansı seçimdə iştirak etdiyimizi söylədilər. Sən demə, bu siyahıya Azərbaycanın müxtəlif yerlərindən ayrı-ayrı ixtisaslar üzrə istedadlı uşaqlar daxil imiş. Bu, respublika üçün əhəmiyyətli ixtisaslar idi – xalq təsərrüfatı, yanacaq-energetika kompleksi, aqrosənaye və hərbi sənaye kompleksləri.             

Yalnız sonralar, uzun illər keçdikdən sonra, artıq mən Moskva Aviasiya İnstitutunu bitirəndə və Tuşinsk maşınqayırma zavodunda "Buran” hava-kosmik təyyarəsinin yığılması üzərində işləyəndə öyrəndim ki, məhz həmin 1976-cı ildə "Buran”ın yaradılmasına start verən SSRİ Nazirlər Şurasının məxfi qərarı çıxarılıb. MAİ də məhz bu layihə üçün kadrlar hazırlayırdı. 

Zənnimcə, məhz Heydər Əliyev MAİ-nin təyyarəqayırma fakültəsində Azərbaycan Respublikası nümayəndəsi üçün yer ayrılmasına və nəticədə onun "Buran”ın qurulmasında iştirakına nail olub. 

- Siz kosmos sahəsində yeganə azərbaycanlı olmusunuz, yoxsa o zaman azərbaycanlı kadrlar kifayət qədər idi?

- Balaca bir respublika üçün yetərincə çox. Sovet İttifaqı miqyasında az. Azərbaycan aerokosmik sənayesi o zamanlar inkişaf edirdi. Bakıda kosmik mərkəz yaranmışdı ki, orda Sovet İttifaqı kosmik proqramlarının reallaşdırılması çərçivəsində avadanlıq yaradılırdı.   

Bu sahədə çox məşhur adlı-sanlı azərbaycanlılar var idi. Kərim Kərimov və Tofiq İsmayılov bunlardan biridirlər. Kərim Əli oğlu Kərimov mənim həyatımda böyük rol oynadı. O, dəfələrlə Tuşino maşınqayırma zavodunda olub, "Buran”ın yığılmasında iştirak etmişdi. Mərhum Tofiq İsmayılov da mənə kömək eliyirdi.
  
 "Buran”ın yaradılmasında çalışan yeganə azərbaycanlı olmamışam. Mənimlə bərabər bu layihədə əsli Neftçaladan olan və mənimlə bir yerdə MAİ-də oxuyan Bafadar Babayev, əsli Ucardan olan baş istehsalat ustası İzzətəli Ağayev işləyirdilər. Texnoloji bürosunda aparıcı mühəndis-texnoloq Firdus Kərimov işləyirdi. Şakir Əsgərov məxfiliyə cavabdeh idi. Nazim Quliyev konstruktor bürosunun idarə rəisi olmuşdur. Bunlar layihədə işləmiş azərbaycanlılardı, onlar indi Moskvada yaşayırlar və biz müntəzəm şəkildə görüşürük.  

- Siz "Buran”ın üzərində necə işləməyə başladınız?

- MAİ-ni bitirdikdən sonra mən Bakıya qayıtdım, amma gördüm ki mənim ixtisasım "Təyyarəqayırma” üzrə iş yoxdur. O vaxt, məni Buzovnadakı raket hissələri istehsal zavoduna texnoloq kimi göndərdilər. Mən isə konstruktor bürosunda öz ixtisasım üzrə aviasiya cihazlarını yaratmaqla məşğul olmaq istəyirdim. Mən SSRİ-nin aviasiya sənayesinin nazirliyinə yollandım və orda dedim ki, mən öz ixtisasım üzrə işləmək istəyirəm, buna cavab olaraq mənə bildirdilər ki, Tuşino maşınqayırma zavodunda (yeri gəlmişkən, mən MAİ-də oxuyarkən, məhz həmin zavodda praktik təlim keçmişəm) və həmçinin "Molniya” EİB-də mənim ixtisasım üzrə "Buran” hava-kosmik gəmisinin yaradılması üzrə iş gedir. Nazirlikdə məni həmin təşkilatlara işləmək üçün göndərməyə hazır idilər, lakin bir məsələ var idi – onlar Azərbaycanın icazəsi olmadan məni Moskvaya işləməyə göndərə bilməzdilər. 

Onda mən Azərbaycan SSR-in Nazirlər Şurasına məktub yazdım və günlərin birində ora yollandım. Məni Azərbaycan SSR-ın Nazirlər Şurasının birinci sədr müavini Suleyman Tatlıyevın rəhbərliyi altında komissiya qəbul etdi. 

Mən komissiyaya izah etdim ki, hal-hazırda Azərbaycanda təyyarə layihələşdirilməsi üzrə çalışa biləcəyim yer yoxdur, və cavab olaraq mənə dedilər ki, onlar mən başçılıq edə biləcəyim konstruktor bürosunu yaratmaq üçün hər cür şərait yaratmaq hazırdırlar. Amma mən institutu yenicə bitirmişdim, mənim bu sahədə təcrübəm yox idi və bu cür vəzifəni üzərimə götürə bilməzdim. Nəticədə mən komissiyaya danışdım ki, SSRİ-nin aviasiya sənayesinin nazirliyində olmuşam və onlar məni "Buran” hava-kosmik gəmisinin yaradılmasında işləmək üçün Tuşino maşınqayırma zavoduna göndərməyə razıdırlar. Onlar bir-birinə baxıb, məndə soruşdular: "Siz daha əvvəl bu zavodda oldunuzmu ?”. 

Mən də cavab verdim ki, bəli, mən zavodda praktiki təlim keçdiyim üçün mənim icazəm var idi və bəhs etdim ki, zavodda MİQ təyyarələri üçün qanadlar necə istehsal olunur. Komissiya üzvləri Mikoyan soyadını eşidib, hər şey müzakirə edib qərara gəldilər ki, azərbaycanlı da sovetin aviasiya sənayesində işləməlidir. Mənim ərizəmi imzaladılar və mən Moskvaya göndərildim. 

Mən, kənddən çıxan və heç nəyi olmayan bir gənc oğlan, əlimdə Azərbaycanın Nazirlər Şurasının məktubu ilə, kosmik təyyarəni işləyib hazırlamaq üçün yenidən Moskvaya yola düşdüm. Mən baş konstruktor bürosuna təyin olundum. Tuşino maşınqayırma zavoduna 1982-ci ildə gəldiyimdə ilk işlədiyim yer planer yığılması üzrə emalatxana olub. Biz onun füzelyajını, stapelini və s. yığırdıq. Mən yığmada iki il çalışdım. 

Daha sonra məni planerə istilikdən mühafizə edən kvars lifindən  plitələri yapışdırdığımız daha çətin bir sahəyə keçirtdilər. "Buran”ın üstünə 40 mınə yaxın belə plitələr yapışdırılmışdı. Bir müddət sonra məni bu sexə rəis müavini təyin etdilər.

Hər axşam SSRİ-nın aviasiya sənayesinin naziri olan İvan Stepanoviç Silayev bizim sexə gəlirdi və layihəyə cavabdeh olan şəxslərlə müşavirə keçirdirdi. 

Daha sonra mən germetik kabinələrin yığımı üzrə sexin rəisi oldum. Germetik kabinə da demək olar, kosmik gəmisinin ürəyidir, uçuşda kosmonavtların həyat fəaliyyətini təmin edən sahəsidir. Kabinəyə 4 kosmonavt və 5-6 sərnişin yerləşirdilər. Sovet İttifaqının 30 yaxın müəssisələri "Buranın” germetik kabinələrin qaynağı ilə məşğul olurdu. Qaynaq prosesi unikal texnologiya əsasında keçirilirdi. Mən 10 ədəd belə germetik kəbinə yığmışam. 

Yeri gəlmişkən, bir dəfə bizim sexi müdafiə nazirinin müavinin rəhbərliyin altında amerikalılar ziyarət etmişdilər. "Buran”ın kabinələrinin qaynağında istifadə etdiyimiz texnologiya onlar üçün təəccüblü idi, və mən biliyim qədər, onlar bu texnologiyanı öyrənə bilmədilər.   

Tuşino maşınqayırma zavoduna 1982-ci ildə gələrək, mən "Buran” kosmik təyyarənin yığım sexində konstruktor kimi işləməyə başladım və hava-kosmik "Buran” təyyarəsinin yığım istehsalatının rəisinə kimi yüksələ bildim. Və "Buran”ın startına az qalmışkən, mən onun Jukovskidə və Baykonurda uçuşlarının hazırlığına rəhbərlik etmişdim. 

- "Buran”ın start anını xatırlayırsınızmı? 

- Əlbəttə! Mən o anı saniyə-saniyə xatırlayıram. "Buran”ın startı 15 noyabr 1988-ci ildə Baykonurda baş vermişdi. Bizdən ancaq direktorlar ora getmişdilər. Biz mütəxəssislər isə prosesi Tuşino maşınqayırma zavodunun xüsusi otağında ekranda izləyirdik. Siz bildiyiniz kimi, "Buran”ın ilk uçuşu pilotsuz rejimdə keçmişdir.   
Startdan artıq 30 il keçdi, bu gün pilotsuz aparatlar, hətta pilotsuz avtomobillər yaradılır. Və burda təəccübləndirici heç bir şey yoxdur. Amma o vaxt, təyyarənin pilotsuz olması əsl möcüzə idi. 

Biz bizim "quşumuzun”, məhz biz belə öz aramızda "Buran”ı adlandırırdıq, MiQ qırıcıların müşayiətində dönməsini izləyirdik və hamı çox qorxurdu ki, təyyarə pilotsuz rejimində necə enəcək. Və "Buran” yerə toxunan an, mən nə qədər xoşbəxt olduğumu Sizə sözlərlə ötürə bilmərəm. İndi mən pilotsuz uçuş aparatlardan eşidəndə, mən həmin o 30 il bundan qabaqkı təəccüblü anı xatırlayıram....

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR