YAP Siyasi Şura üzvü: "Bu təyinat Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək"

img

21-02-2017 [20:06]


"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi son dövrlər ölkəmizdə həyata keçirilən uğurlu islahatların məntiqi davamıdır. Hesab edirəm ki, bu təyinat müstəqil Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcək”. 

Bu fikirləri Mia.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib. 

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva Azərbaycanda, eyni zamanda, beynəlxalq aləmdə nüfuzlu şəxsiyyət kimi tanınır: 

"Mehriban xanım Əliyeva uzun illərdir ki, Heydər Əliyev Fonduna rəhbərlik edir. Fondun uğurlu fəaliyyəti, həyata keçirdiyi böyük layihələr bilavasitə onun adı ilə bağlıdır. Mehriban xanım Əliyeva Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sədr müavinidir. 

Mehriban xanım Əliyeva 2005-ci ildən etibarən Milli Məclisin deputatı kimi daim seçicilərlə görüşür, onları narahat edən problemlərlə maraqlanır və həllinə nail olur. 

Bununla yanaşı, Mehriban xanım Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi daim ölkəmizin beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verib. Bütün bu məqamlar onun çoxşaxəli, yorulmaz və səmərəli fəaliyyətinin bir hissəsidir.”   
 
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var:

 "Ölkəmiz indiyə kimi mühüm beynəlxalq tədbirlərə, həmçinin idman yarışlarına ev sahibiyi edib. Bu sırada 2012-ci ildə keçirilən "Eurovision” mahnı müsabiqəsini və 2015-ci ildə baş tutan birinci Avropa Oyunlarını xüsusi olaraq vurğulamaq lazımdır. Hər iki tədbirin Təşkilat Komitəsinin sədri məhz Mehriban xanım Əliyeva olub. Onun mükəmməl təşkilatçılıq qabiliyyəti nəticəsində paytaxtımızda bu mühüm tədbirlər yüksək səviyyədə keçirilib və Azərbaycanın dünya miqyasında getdikcə artan müsbət imicinə daha bir rəng qatıb. Təsadüfi deyil ki, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban xanım  Əliyevaya tapşırılıb”. 

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Mehriban xanım Əliyeva yüksək intellectual səviyyəli, təcrübəli təşkilatçı olmaqla yanaşı, xeyirxah, humanist insandır: 

"Biz bir neçə dəfə onun Milli Məclisdə Amnistiya Aktının qəbul olunması təşəbbüsü ilə çıxış etməsinin şahidi olmuşuq. Nəticədə minlərlə insan qəbul olunmuş Amnistiya aktlarından yararlanaraq azadlığa qovuşub, neçə-neçə ailə böyük sevinc hissi yaşayıb. 

Hesab edirəm ki, xalqımızın Mehriban xanım Əliyevaya olan böyük sevgisi də məhz onun belə xeyirxah əməllərindən qaynaqlanır. Mehriban xanım Əliyevanın dövlətimizin ən ali mükafatı - "Heydər Əliyev” ordeninə layiq görülməsi isə onun əməyinə verilən ən yüksək qiymətdir. Şübhəsiz, Mehriban xanım Əliyeva bundan sonra Azərbaycanın Birinci vitse-prezidenti kimi ölkəmizin gələcək inkişafına öz layiqli töhfələrini verəcək. Ona çətin və şərəfli işində uğurlar arzulayırıq.”


Digər xəbərlər
SON XƏBƏRLƏR