AMEA-da yeni şöbələr yaradıldı, təyinatlar oldu - SİYAHI

img

15-02-2017 [19:16]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-dan Mia.az-a verilən məlumataa görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təltif olunmuş Akademiyanın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədova "Şöhrət” ordenini və 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib. Tədbirdə həmçinin akademiklər - Pərviz Məmmədovun 80 illik, Hətəm Quliyevin 70 illik yubileyləri münasibətilə onlara AMEA-nın Fəxri Fərmanı təqdim olunub. Bundan başqa, "Gənclər günü” münasibətilə Akademiyanın bir qrup gənc əməkdaşı AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

İclasda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədovun "Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. N.Məmmədov bölmənin elmi istiqamətləri üzrə aparılan tədqiqatların prioritet istiqamətləri və mühüm nəticələri haqqında geniş təqdimatla çıxış edib.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Rəyasət Heyəti "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2017-ci il üçün müsabiqələrin elan olunması və müvafiq işlərin görülməsi haqqında qərar qəbul edib.

İclasda Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi məsələsinə də baxılıb. Akademik Akif Əlizadə ölkədə gənclər siyasətinin inkişaf etdirilməsi, gənc nəslin elmə cəlb olunması və yaradıcılıq potensialının artırılması, həmçinin gənc alimlərin elmi fəaliyyəti ilə bağlı problemlərin həllinin vacib məsələlərdən olduğunu bildirərək, qurultayın keçirilməsinin əhəmiyyətindən danışıb.

Rəyasət Heyəti AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qurultayın 2017-ci ilin oktyabr ayında keçirilməsi haqqında qərar qəbul edib. Həmçinin Elm və Təhsil İdarəsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına Təhsil Nazirliyinin müvafiq qurumları ilə birgə bir ay müddətində tədbirlər planının hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Tədbirdə həmçinin AMEA-nın nəzdində "Elmi media” MMC-nin təsis edilməsi məsələsinə baxılıb. Akademik Akif Əlizadə AMEA-nın mətbu orqanları olan "Elm” qəzeti, "Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın Xəbərlər Məcmuəsi” və "Elm və həyat” jurnallarının çapına lazımi xərclərin ödənilməsi və ehtiyac yarandıqda tirajlarının artırılması məqsədilə AMEA-nın nəzdində sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumun təsis edilməsi zərurətinin yarandığını qeyd edib.

Rəyasət Heyəti "Elmi media” MMC-nin təsis olunması haqqında qərar qəbul edib. Qərara əsasən, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin tabeliyinə verilən cəmiyyətin direktoru vəzifəsinə Oqtay Fətulla təyin edilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA üzvlüyünə seçkilərlə əlaqədar olaraq Akademiyanın elmi bölmələrində Ekspert komissiyalarının yaradılması haqqında olub. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Rəyasət Heyəti tərəfindən seçkilərin keçirilməsi haqqında 7 dekabr və 14 dekabr 2016-cı il tarixli qərarların qəbul edildiyini xatırladıb. Qeyd edib ki, AMEA-nın elmi bölmələri tərəfindən üzvlüyə təqdim olunmuş sənədlərin ekspertizasını təmin etmək məqsədilə bölmələr üzrə ekspert komissiyalarının tərkibi müəyyən edilərək Rəyasət Heyətinə təqdim olunub.

Təqdim olunmuş sənədlərin ekspertizasını təmin etmək məqsədilə elmi bölmələrin vəsatətini nəzərə alaraq Rəyasət Heyəti müvafiq ekspert komissiyalarının yaradılması və tərkiblərinin təsdiqi haqqında qərar qəbul edib.

İclasda AMEA-nın Yalançı elmə qarşı mübarizə üzrə komissiyasının Əsasnaməsi də təsdiq olunub. Neft-Kimya Prosesləri və Polimer Materialları institutlarında direktor vəzifəsinə seçkilərin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin növbəti qərarı ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın AMEA-nın icraatında olan tədbirlərinin yerinə yetirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq olunub.

Tədbirdə həm də akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar AMEA-nın Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirlikləri ilə birgə hazırladığı Tədbirlər Planı  təsdiq edilib. Akademik Ağamusa Axundovun 85 illiyi münasibətilə bey­nəl­xalq konfransın təşkili və digər işlərin həyata keçirilməsi qərara alınıb. Həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 70 illik, AMEA-nın müxbir üzvləri Akif Musayevin 70 illik və Tofiq Məmmədovun 60 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. Azərbaycan elminin inkişafındakı xid­mət­lə­ri nəzərə alınaraq, alimlərin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, elmi sessiya və konfransların keçirilməsi qərara alınıb.

İclasda Ədəbiyyat İnstitutunun doktorantı Nərgiz Kərimovanın Çin Xalq Respublikasına ezam olunması, eləcə də Botanika, Zoologiya, Mikrobiologiya, Genetik Ehtiyatlar, İqtisadiyyat, Elm Tarixi institutlarının strukturlarında qismən dəyişiklik edilməsi, Zoologiya, Fiziologiya, Dendrologiya, Genetik Ehtiyatlar, Mikrobiologiya, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat institutlarında və Mərkəzi Nəbatat Bağında İctimaiyyətlə əlaqələr şöbələrinin, İqtisadiyyat İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin yaradılması haqqında qərarlar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

 Rəyasət Heyətinin qərarları ilə İqbal Qəhrəmanov Rəyasət Heyəti aparatının Birinci xüsusi şöbəsinin rəisi, Fikrət Feyziyev Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Tofiq Nəcəfli Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova Genetik Ehtiyatlar İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar. Həmçinin biologiya üzrə elmlər doktoru Naib Əminovun Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini səlahiyyətləri uzadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR