Lotu Quli Lənkəranskiyə biət edən daha bir şəhərdə söz sahibi oldu - Rusiya mətbuatından yeni iddia

img

17-01-2017 [00:42]


Rusiyanın Sverdlovsk vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı "qanuni oğru” Nadir Səlifova (Lotu Quli) biət ediblər.

 Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan Ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, Lotu Quli həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Lənkəranskiyə məxsus yeri tutub.

Xatırladaq ki, Rövşən Lənkəranski ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

"Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.

Rövşənin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında Qulinin belə bir müraciəti yayılmışdı:

 "...Həmçinin Sizi Rövşən Lənkəranski ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı”.

Ura.ru xatırladır ki, bu yaxınlarda Bakıda Lotu Quli ilə rəqibi – Rafiq Eyvazovun (Rafiq Masallinski) adamları arasında atışma barədə məlumat yayılmışdı.

Hərcənd, virtualaz.org yazmışdı ki, Nadir Səlifov öz vəkili vasitəsilə həmin məlumatı qəti şəkildə təkzib etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR