Aydın Əliyev rəislərini qovduğu iki idarəyə getdi, tapşırıqlar verdi - Xidməti müşavirə

img

16-01-2017 [22:07]


Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən Biləsuvar və Astara gömrük idarələrində mövcud vəziyyətlə tanış olub.

Mia.az DGK-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslər, o cümlədən yük avtomobillərinin sürücüləri ilə söhbətlər aparılıb, onları narahat edən məsələlər öyrənilib.

Dövlət sərhədindən keçən şəxslər, yük avtomobillərinin sürücüləri buraxılış məntəqələrindəki şərait, eləcə də gömrük rəsmiləşdirilməsi ilə əlaqədar problemlərin olmadığını bildiriblər.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə Biləsuvar və Astara gömrük idarələrində xidməti müşavirə keçirilib.

Müşavirədə sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Mia.az onu da bildirir ki, hər iki idarənin rəisləri bu günlərdə vəzifələrindən azad olunublar.

Belə ki, yanvar ayının əvvəllərində Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb.

Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.

Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirmahmud Miratayev təyin edilib.

Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR