Qafqaz Universitetindən diplomların tanınmaması barədə Türkiyənin qərarına - Reaksiya

img

12-01-2017 [16:28]


Türkiyənin Ali Təhsil Şurası bir sıra xarici ölkələrdə "fətullahçı şəbəkə”yə (FETÖ) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

Azərbaycandan bu siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən,  universitetin 2016-cı ilə qədər məzunlarına verdiyi diplomlar, habelə, 2015-2016-cı tədris ilində Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq.

Mia.az xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı Qafqaz Universiteti ilə əlaqə saxlayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza  açıqlamasında diplomların tanınmaması ilə bağlı Türkiyə tərəfindən rəsmi açıqlamanın verilmədiyini deyib: "Əgər belə bir açıqlama verilərsə, mətbuatı bu barədə məlumatlandırardıq.  Ümumiyyətlə, belə bir məlumatı kim yayıb?.. Diplomların tanınmaması ilə bağlı bizə rəsmi olaraq nə Türkiyə dövlətindən, nə Azərbaycan Respublikası Təhsil Nazirliyindən, nə Türkiyə səfirliyindən, nə də hər hansı səlahiyyətli şəxsdən məktub və ya telefon zəngi gəlib. Qafqaz Universiteti  SOCAR-ın tərkibində, Beynəlxalq Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərir. Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Bir müddət əvvəl, burada türkiyəli vətəndaşlar çalışırdı. Sadəcə, onların müqavilə müddəti bitib deyə, buradan getdilər.

Dediyini məsələ düz olsaydı, dövlət rəsmiləri çıxıb bəyannamə verirlər ki, "Qafqaz Universitetinin vermiş olduğu təhsil, bağlı olduğu qurum, qoşulduğu hansısa bir təriqət bizim dövlətimizə zidd olduğundan, onun  məzunlarının  diplomlarını tanımırıq”. Bu bəyannaməni də Qafqaz Universitetinə deyil, Azərbaycan hökumətinə verərlər ki, "sənin ölkəndə fəaliyyət göstərən universitetin diplomunu tanımırıq”.

Qafqaz Universiteti ali təhsil ocaqları arasında ən yüksək reytinqli universitetdir. Adam tapşırma, rüşvətxorluq kimi hallar Qafqaz Universitetinə yad olan ünsürdür. Bilmirəm, bu cür xəbərləri yaymaq kimin marağındadır?! Belə qərar veriləndə Türkiyə dövləti Azərbaycan dövlətinə nota göndərər ki, "bax, sənin ölkəndə belə bir universitet fəaliyyət göstərir”. Bu da mümkün deyil. Necə ola bilər ki, hansısa dövlət durub deyəcək ki, "sənin universitetinin diplomunu tanımırıq”. Bu, qeyri-mümkün olan şeydir”.

Rəcəb Rza Qafqaz Universitetinin adının dəyişdirilməsi ehtimalına da aydınlıq gətirib. "Qafqaz Universitetinin adının dəyişdirilməsilə bağlı bir müddət əvvəl məsələ var idi. Qafqaz Universitetinin Müşahidə Şurası, sədri, İdarə Heyəti var. İdarə Heyəti nə qərar verərsə, ona sayğıyla yanaşılacaq. Biz deyə bilmərik ki, "univeristetin adını dəyişək”. Bu gün dəyişəcəkləri, yaxud da, dəyişməyəcəkləri barədə heç nə bilmirik. Rəhbər qurum nə qərar verərsə, ona uyğun da addım atılacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR