"Nazirlik təcili bu təxribatın qarşısını almalıdır" - Deputat Qənirə Paşayeva

img

12-01-2017 [16:12]


Azərbaycanın millət vəkili Qənirə Paşayeva Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata münasibət bildirib.

Q.Paşayeva bu təxribatı qətiyyətlə pislədiyini, etiraz etdiyini qeyd edib.

Millət vəkili bildirib ki, əgər bu informasiya doğrudursa, təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır: "Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı qondarma rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatçı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa, Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi eitraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq".

Q.Paşayeva Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırıb:

"Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına alır, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınıb və separatçı rejimi təmsil edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu yolverilməzdir".

Qeyd edək ki, yanvarın 10-da Soçidə "KiViN-2017" Şən və Hazırcavablar Klubunuan 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan "Bakı yığması" iştirak edir. Bu festivalda, eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimi təmsil edən komandanın iştirak etməsi ilə bağlı məlumat yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR