"Hər şey Mərkəzi Bankdan asılıdır" - Ekspert manatın taleyindən danışdı

img

12-01-2017 [13:17]


Mərkəzi Bank valyuta satışı üçün müəyyənləşdirilmiş 4 faizlik marjı ləğv etdi.

Mərkəzi Bankın bu addımından sonra ölkədə liberal məzənnə siyasətinə keçid baş verəcək. Dövlət Neft Fondu Mərkəzi Banka 7.5 milyard transfer edib. Bu isə bankların hərraclarda olan tələbini ödəyə bilər. Liberal məzənnə siyasəti, liberal məzənnə siyasətinin optimist və pessimist tərəflərini iqtisadçı ekspert Vüqar Bayramov olke.az-a şərh edib: "Azərbaycanda liberal məzənnə siyasətinə keçid tətbiq olundu. Sadəcə bu keçidin vaxtını müəyyənləşdirib, bununla bağlı banklara məlumat verilməlidir. Bu o deməkdir ki, məzənnənin müəyyənləşdirilməsində banklar sərbəstdir. Bazardakı tələb-təklifə uyğun olaraq kommersiya bankları məzənnələrini müəyyən edəcəklər. Artıq hər hansısa bir marj yoxdur. Mərkəzi Bankın rəsmi məzənnəsi ilə bankların təklif etdiyi məzənnə arasında heç bir əlaqə olmayacaq. Banklar sərbəst məzənnə müəyyənləşdirəcək.

Manatın bazar məzənnəsi müəyyənləşəcək. Mərkəzi Bank əslində bu siyasətə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində keçməli idi. Biz o vaxt da liberal məzənnə siyasətinə keçidi təklif edirdik. Çünki Qazaxıstan və Rusiya liberal məzənnə siyasətinə keçdi. Təəssüf ki, Mərkəzi Bank yubandı. 2015-ci ilin yanvarında atmalı olduğu addımı 2017-ci ilin yanvarında atdı. Gecikilmiş 2 il ərzində Mərkəzi Bank rezervinin 75%-ni manatın məzənnəsinin qorunması üçün istifadə etdi. Ancaq Mərkəzi Bank bazarda stabilik əldə edə bilmədi.

2016-cı ilin ortlarında sizə verdiyim müsahibəmdə 2017-ci ildən liberal məzənnə siyasətinə keçid olacağını bildirəndə hətta müstəqil ekspertlərin bir qismi də bunun mümkün olmayacağını bildirirdi. Reallıq isə bundan ibarət idi ki, liberal məzənnə siyasətinə keçid qaçınılmazdır. Mərkəzi Bankın bu siyasətə hazır olub-olmadığı bilinmir. Ancaq buna hazır olmaq vacibdir. Bütün hallarda Azərbaycanda liberal məzənnə siyasətinə keçid qaçınılmazdır. Dünyanın az ölkələrində liberal məzənnə siyasətindən istifadə edilmir.

Son açıqlamalar, Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard dollar vəsaitin transfer edilməsi onu göstərir ki, Mərkəzi Bank dolların bazar məzənnəsi 2 manat ətrafında olmasına çalışır. Mərkəzi Bank üçün arzuolunan dolların bazar məzənnəsinin 2 manatı keçməməsidir. Hər halda bu bir hədəf olaraq göstərilir. Uzun müddətdir ki, Mərkəzi Bankın manatın məzənnəsini stabilləşdirmək istədiyi görsənir. Buna nail olmaq çətindir. Çünki bu asan iş deyil, psixoloji təzyiqlər var. Baxmayaraq ki, yanvar-fevral ayında dollara tələb azalıb. Sentyabrda bildirmişdim ki, dekabrda dollar qıtlığı olacaq, yanvardan sonra isə dollara tələbin azalması müşahidə olunacaq.

Mərkəzi Bank bu həftə hərraca 500 milyon dollar çıxardı. Əgər bunlar davam etdirilərsə və hərraclarda da Dövlər Neft Fondu vasitəsi ilə dollar təklifini artırarsa, nəticədə bu imkan verəcək ki, dollar tələbi ödənilsin. Üzən məzənnə siyasətinə keçid bu halda fəsadsız ola bilər. Mərkəzi Bank sadəcə hərraca çıxan dollarların həcmini növbəti hərraclarda artırmalıdır ki, bazarın cari dollar tələbi ödənilsin, bazar bir növ doysun. Daha sonra isə liberal məzənnə siyasəti tətbiq edilsin. Artıq dollar var, psixoliji təzyiq olsa belə bu manatın məzənnəsini qoruyub saxlamağa imkan verəcək. Əgər tələb ödənilməyəcəksə, bu manatın məzənnəsinə mənfi təsir göstərəcək, manatın məzənnəsi aşağı düşəcək. Ümid edək ki, Mərkəzi Bank cari tələbi ödəyərək, bazara öz mesajlarını verərək liberal məzənnə siyasətinə keçidi təmin edəcək. Bu ən fəsadsız və ən uyğun yoldur. Bu halda manatın məzənnəsini optimallaşdırmaq mümkün olacaq.

Mərkəzi Bank hərraca dollar çıxarılmasını təmin edən qurumdur. Hətta liberal məzənnə siyasətinə keçiddən sonra Dövlət Neft Fondu vasitəsi ilə hərracda dollar satılacaq. Mərkəzi Bankın yenə də məzənnəyə təsiri olacaq. Çünki hərraca dollar çıxaracaq, tələbi ödəyəcək və beləcə məzənnəyə təsir göstərəcək. Liberal məzənnə siyasətinə keçid olasa belə Mərkəzi Bankın fəaliyyəti çox əhəmiyyətli olacaq. Mərkəzi Bank növbəti mərhələlərdə bazara daha çox dolların çıxarılmasını təmin etməklə prosesə təsir edə biləcək. Mərkəzi Bankın əsas məqsədi o olmalıdır ki, əksdollarlaşma prosesi başlasın. Bu gün dollarlaşma səviyyəsi 90%-ə yaxındır. Mərkəzi Bank çalışmalıdır ki, vətəndaşlar və sahibkarların manata inamı formalaşsın, öz pullarını manata çevirib investisiya etsin. Manatın məzənnəsi stabil olmadığı üçün pulunu dollarda saxlayan, sərmayə qoymayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və yaxud fəaliyyətini məhdudlaşdıran xeyli sahibkar var. Əgər Mərkəzi Bank liberal məzənnə siyasətini uğurla həyata keçirərsə, əskdollarlaşma prosesi başlaya bilər. Sahibkarlar investisiya edə bilər, pullarını manata çevirib sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlaya bilərlər.

Bizim qiymətləndirməmiz göstərir ki, yanvar-fevral aylarında dollara tələb nisbətən az olacaq. Mart ayında dollara tələbin artması müşahidə olunacaq. Aylar üzrə fərqli tələblər var. Qiymətləndirməmiz göstərir ki, dollara olan aylıq tələb təxminən 800 milyon dollar ətrafındadır. Təbii ki, bəzi hallarda bu çox olur, bəzi hallarda isə az olur. 800-900 milyon dollarlıq interval təmin olunsa mövcud məzənnəni qoruyub saxlamaq mümkündür. Həmin o məbləğin ödənilməsi üçün Mərkəzi Bank bazar təklifini artırmağa çalışmalıdır. Mərkəzi Bank çalışmalıdır ki, bazardan təklif gəlsin və yanız Dövlət Neft Fondu və digər mənbələrdən istifadə etməsin.

Artıq məzənnə siyasətində yeni mərhələ başlayıb. Bu mərhələnin uğurlu olması Mərkəzi Bankın fəaliyyətindən asılı olacaq. Dövlət Neft Fondundan Mərkəzi Banka transferlərdən sonra Mərkəzi Bankın əlində xeyi rıçaq və resurslar var ki, uğurlu liberal məzənnə siyasəti həyata keçirə bilsin".

Liberal məzənnə siyasətinə keçiddən sonra manatın məzənnəsinin hansı səviyyədə olacağı ilə bağlı iqtisadçı ekspert bunları dedi:

"Mərkəzi Bank 300 milyon dollar hərraca çıxarıb məzənnəni stabilləşdirdi. Əgər Mərkəzi Bank hərraclarda dollar təklifini artırarsa, o zaman Mərkəzi Bank mövcud məzənnəni müəyyən dəyişikliklərlə qoruyub saxlaya bilər. Əslində qara bazarda olan məzənnə mövcud məzənnəyə yaxın idi.

İki ssenari var. Birinci senariyə əsasən, Mərkəzi Bank cari tələbi ödəyir, liberal məzənnə siyasətinə keçir. Bu zaman məzənnə təxminən mövcud məzənnəyə uyğun olacaq. Çox cüzi kənarlaşmalar baş verə bilər. Çünki bazarda dollar bolluğu yaranır. Dollar bolluğu tələbin ödənilməsinə imkan verir. Bu, optimist və daha uyğun senaridir.

İkinci ssenaridə isə, Mərkəzi Bank hərraca çıxarılan valyutanın həcmini azaldacaqsa, o zaman yenə kəsir yaranacaq. Bu zaman isə manatın dollara nisbətən məzənnəsi 2 manatı keçə bilər. Bu isə pessimist ssenaridir.

Mərkəzi Bankın imkanları var ki, mövcud kursu qoruyub saxlasın. Ümid edək ki, Mərkəzi Bank bunu reallaşdıracaq. Mərkəzi Bankın hansı ssenarini seçəcəyini proqnozlaşdırmaq çətindir".



Digər xəbərlər
SON XƏBƏRLƏR