Şriftin ölçüsü / 237 dəfə oxunub

Hesablama Palatasına əlavə səlahiyyət verildi - Detallar

12 Yanvar 2017 [11:49]
Hesablama Palatasının büdcəyə nəzarətlə bağlı yeni səlahiyyətləri təsdiqlənib.

 Bu, Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli fərmanı ilə tətbiq olunan "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunda əksini tapıb.

 Beləliklə, "Büdcə sistemi haqqında" qanuna edilən dəyişikliklərə əsasən artıq növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq. 

Sənədə görə, eyni zamanda növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. 

Digər düzəlişə görə isə, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim ediləcək. Bundan başqa, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim ediləcək. 

Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Layihədə o da var ki, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına və Hesablama Palatasına təqdim ediləcək. 

APA


SON XƏBƏRLƏR