“Orada ermənilərin izi-tozu qalmayıb...” - Ali Baş komandan

img

11-01-2017 [00:16]


Prezident İlham Əliyev nazirlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına da toxunub.

Ali Baş Komandan qeyd edib ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub:

"Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. 

Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.

2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. 

İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər.

 Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. 

Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. 

Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. 

Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR