Şriftin ölçüsü / 538 dəfə oxunub

Prezidentin və hökumət üzvlərinin müşavirədəki çıxışı - Mühüm mesajlar (Tam mətn)

11 Yanvar 2017 [00:16]

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Mia.az Azertac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş

nitqi

-Bu gün biz 2016-cı ilin yekunlarını müzakirə edəcəyik və bu il görüləcək işlər haqqında danışacağıq. 

2016-cı ili təhlil edərkən əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşmişdir, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurmuşdur.

O ki qaldı, bizim ölkəmizə - Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.

2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edildi. Bildiyiniz kimi, Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilmişdir. Neftin qiyməti isə 3-4 dəfə aşağı düşmüşdür. Bu, o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirmişdir. Biz əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır. Bir daha qeyd etmək istəyirəm, hər bir ölkənin inkişafı üçün əsas şərt təhlükəsizlikdir, sabitlikdir, vətəndaş həmrəyliyidir. Bu da bizdə var. Təhlükəsizlik qorunur, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi 2016-cı ildə daha da artmışdır. Bütün Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və müstəqilliyimizi daha da möhkəmləndirək.

2016-cı ildə biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, uğurlarla qarşılamışıq.

İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.

Ümumi daxili məhsul aşağı düşsə də, - bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, - digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir.

Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.

Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.

Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq.

2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda isə biz demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində bax, dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq.

Əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.

Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.

Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək.

2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir.

Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq.

2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla gedib, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Son illər ərzində 13 milyon müraciət olmuşdur və vətəndaşların bəyənmə əmsalı təxminən 100 faizə yaxındır. Bu da ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab idi və bu, artıq Azərbaycan brendidir. Artıq bəzi ölkələr bizim təcrübəmizi tətbiq etməyə başlamışlar. Keçən il "ASAN xidmət” öz funksiyalarını genişləndirdi, "ASAN Kommunal”, "ASAN Qatar”, "ASAN Viza” təşəbbüsləri irəli sürüldü. Onu da qeyd etməliyəm ki, "ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq.

Keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır.

Keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.

Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.

2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.

Keçən il digər vacib hadisələr baş verdi. Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. "Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına "Cənub Qaz Dəhlizi” və "Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, "Şahdəniz-2” layihəsi üzrə, - bu gün "Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və "Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik.

Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik. 

2016-cı ildə idmançılarımız da bizi böyük qələbə ilə sevindirdilər. Rio Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq. On səkkiz medal qazanmışıq və medalların sayına görə biz dünya miqyasında 14-cüyük, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində birinciyik. Bax, bu göstəricilər hesab edirəm ki, hər şeyi göstərir. Bu, bizim növbəti böyük qələbəmizdir.

Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, bizim siyasətimizə öz böyük dəstəyini verdi, bir daha göstərdi ki, apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Biz bunu bilirdik. Rəy sorğuları aparılır, ictimai fikir öyrənilir və ölkəmizdə hökm sürən ab-havanı əlbəttə ki, bilirdik. Ancaq referendum bunu həm bir daha bütün xalqımıza, eyni zamanda, dünyaya göstərdi. Referendumu müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri bir dənə də olsun pozuntu aşkar etməyiblər. "Exit-poll”ların nəticələri rəsmi nəticələrlə üst-üstə düşdü. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət verdi və sonra bunu Strasburqda öz qərarı ilə təsdiqlədi. Referendum şəffaf, ədalətli, azad şəkildə keçirildi. Bu, həm demokratiya istiqamətində növbəti addımdır, həm də onu göstərir ki, Azərbaycanda seçki prosesi böyük dərəcədə təkmilləşib. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, xalq tərəfindən bizə verilən böyük dəstəkdir və o dəstək ki, ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə göstərildi. Mən bu dəstəyə görə bir daha Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bundan sonra da Azərbaycan inamla inkişaf edəcəkdir.

Keçən il Azərbaycanda "Multikulturalizm ili” elan edilmişdir. Bu, hesab edirəm ki, dünya miqyasında nadir bir hadisə idi. Bilmirəm, bu vaxta qədər hansısa bir ölkədə "Multikulturalizm ili” elan edilmişdir, yoxsa yox. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, 2016-cı ili "Multikulturalizm ili” elan etməyimiz çox böyük məna daşıyırdı. Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir. Azərbaycan doğrudan da dünya miqyasında multikulturalizmin mərkəzidir. Biz bu mövzu ətrafında söhbətlərə, beynəlxalq tədbirləri keçirməyə başlayanda hələ miqrantlar böhranı yox idi, hələ Avropada, başqa yerlərdə ayrı-seçkilik o qədər də özünü büruzə vermirdi. Keçən il bu, ifrat dərəcəyə çatdı. Keçən il biz bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətləri, islamofobiya ilə bağlı artıq açıq-aşkar aqressiv siyasəti gördük. Belə bir fonda "Multikulturalizm ili” elan etmək və onu ləyaqətlə sona çatdırmaq bir daha bizim siyasətimizi, gücümüzü, niyyətimizi göstərir.

Biz keçən il bir neçə mötəbər tədbir keçirmişik. Mən onlardan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusi qeyd etmək istəyirəm. Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu da, digər tədbirlər də çox uğurla keçdi. Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da xüsusi qeyd edilməlidir. Bax, budur Azərbaycanın bu işə verdiyi töhfələri. Biz nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk. Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk.

2016-cı ildə əlbəttə, çox hadisələr baş vermişdir. Bütün bu hadisələr, hətta önəmli hadisələr haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə mən vacib hesab etdiyim məqamları ifadə etdim, həm təhlil olaraq, həm də gələcək platforma kimi. Biz bundan sonra da bu yolla gedəcəyik.

X X X

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal ABDULLAYEV çıxış edərək dedi:

-Zati-aliləri, möhtərəm cənab Prezident.

Siz müdrik siyasi iradə ilə 2016-cı ili "Multikulturalizm ili” elan etdikdən sonra il ərzində insanlarımız nəinki öz daxilinə nəzər saldı, həmçinin öz keçmişinə diqqət yetirdi, dünyada hökm sürən dəyərləri saf-çürük etdi və bir daha əmin oldu ki, vaxtilə multikulturalizm siyasi xəttinin sistemliliyini təmin edən Ulu Öndər uzaqgörənliyi ilə Azərbaycanın uğurlu gələcəyi üçün çox möhtəşəm, işıqlı bir siyasi platforma qurub. Beləcə özü olmayan ulduzların işığı onların sevdiklərinin və onları sevənlərin qəlbinə, ruhuna, o ulduzlar göy üzündə artıq cismən olmasalar da, gəlib çatır.

Zati-aliləri, il ərzində az iş görülmədi. Desəm ki, bunları çətinliklər hesabına etdik, həqiqətə uyğun olmaz. Hansı ölkədə, hansı məkanda olduqsa, Azərbaycan multikulturalizmi barədə, Azərbaycan həqiqətləri haqqında söhbət açarkən o söhbətin, o ünsiyyətin əsasının artıq qoyulmuş olduğunu gördük və həyata keçirmək istədiyimiz işlər münbit zəmində cücərməyə başladı. Bu münbit zəmini Siz dünya siyasi proseslərindəki əməli fəaliyyətinizlə yaratmışdınız. Bu zəmini Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva xarici ölkələrdə həyata keçirdiyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə yaratmışdı. Bu münbit zəmini qəlbində öz Prezidentinə inam və sədaqət, dinindən və millətindən asılı olmayan Azərbaycan insanı yaratmışdı.

Bu gün dünyada multikulturalizm siyasəti ilə bağlı iki qütbün formalaşmasını görməmək mümkün deyil.

Birinci qütbü bədbin qütb adlandıra bilərik. Onu 2011-ci ildə Böyük Britaniyanın sabiq Baş naziri Devid Kemeron formalaşdırdı və bütün dünyaya bəyan etdi ki, Avropada multikulturalizm siyasəti müxtəlif mədəniyyətlərin bir-biri ilə inteqrasiya olmaqdan imtina etməsi səbəbindən iflasa uğradı. Bu, həqiqətən, bədbin nəticə idi və zamanın göstərdiyi kimi, həm də qorxulu sonuclara – qarşıdurmalara, kataklizmlərə, fəlakətlərə gətirib çıxardı.

Digər qütbü isə nikbin qütb adlandıra bilərik və bunun təntənəsini bu gün biz Azərbaycanda görürük. Əlbəttə ki, nikbin qütbün beynəlxalq aləmdə əsl siyasi memarı Sizsiniz – bunu təkcə biz demirik, bunu dünyanın qabaqcıl, insanpərvər, sülhməramlı, qaralı-ağlı, müxtəlif dinə və məzhəbə qulluq edən, müxtəlif millətlərə mənsub olan, özünü bəşər övladı sayan yüz minlərlə, milyonlarla daxilən azad, ruhən böyük, qəlbən geniş insanlar deyir. Bunu artıq ənənəyə dönmüş Beynəlxalq Humanitar Forumun üzvləri söyləyir. Bunu mədəniyyətlərarası dialoqun müəllifi olduğunuz Bakı Prosesinin iştirakçıları deyir. Bunu onlarla xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi” dərsinin gənc dinləyiciləri və müəllimləri bəyan edir. Bunu sizin titanik zəhmətinizin qədrini yaxşı bilən ən sadə azərbaycanlılar dilə gətirir.

"Multikulturalizm ili” elan edilərkən ölkə Prezidenti tərəfindən dəqiq siyasi və ideoloji hədəflər göstərilmişdi. Azərbaycan müxtəlifliklərdən qaynaqlanmış möhtəşəm eyniliyi ilə bu siyasi-ideoloji-mənəvi hədəflərə doğru irəlilədi. Cəmiyyətin, hökumətin bütün zümrələri, qurumları, institutları həmahəng, bir-birini tamamlayan addımlar atdılar. Əslində, bütün Azərbaycan bir möhtəşəm addım atdı və bütün dünya bir daha inandı ki, xalqla Prezidenti təkcə siyasi amillər deyil, yüksək mənəvi, insani amillər birləşdirir. "Multikulturalizm ili” bu birliyin yeni rakursdan daha bir təzahürünə çevrildi.

Eyni zamanda, bu il Azərbaycan liderinin bəşəri dəyərlərə münasibətini bir daha sərgilədi, onun siyasi xadim kimi qəlbini bir daha bütün genişliyi ilə dünyaya açdı, onun öz xalqının, onun tarixinin, ədəbiyyatının, dilinin, mədəniyyətinin vurğunu olduğunu hər kəsə göstərdi. Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinə özününkü qədər hörmət və ehtiramını bir daha sübut etdi.

Prezidentin bu münasibətinin ölkə daxilindəki bütün konfessiya və millətlərə bərabər şəkildə paylanmasının xüsusi əhəmiyyəti var. Məhz belə bir siyasi xətt ölkənin multikultural təhlükəsizliyini təmin edir və ölkədaxili əmin-amanlığın, ölkə xaricində isə özünəinamın təməlini möhkəmlədir. Multikulturalizm siyasətinin bariz təzahürü həm də multikultural təhlükəsizliyin qorunmasına yönəlmiş belə bir Prezident iradəsidir desək, heç də səhv etmərik.

Rəqəm və faktların dilinə keçsək, ilk növbədə, onu qeyd etməliyəm ki, "Multikulturalizm ili” ilə əlaqədar 2016-cı il martın 11-də imzalanmış geniş, çoxşaxəli tədbirlər planı tam olaraq həyata keçdi. Bu tədbirlər planında ölkədə və xaricdə elmi-metodoloji konfransların, "dəyirmi masa”ların, seminarların, festivalların, konsertlərin, tamaşaların, sərgilərin, müsabiqələrin, yay və qış multikulturalizm məktəblərinin keçirilməsi, "Azərbaycan multikulturalizmi” fənninin proqramının yaradılması və dərsliyinin hazırlanması, müxtəlif xarici və ölkə universitetlərində bu fənnin tədrisi, multikulturalizmin nəzəri-praktiki məsələlərinə, tarixi və müasir aspektlərinə həsr olunmuş məqalə və monoqrafiyaların nəşri, xaricdə və ölkədə Azərbaycan multikulturalizminin dayaq nöqtələrinin yaranması və bir sıra başqa məsələlər öz əksini tapmışdı.

Beləliklə, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirdi. Xüsusilə, İsveçdə, İngiltərədə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada Qafqaz Müsəlmanları İdarəsi sədrinin rus pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udinlərin dini rəhbərlərinin, dağ və Avropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərəm.

Ölkə daxilində AMEA institutlarında, universitetlərdə, məktəblərdə (xüsusilə, Nardaran qəsəbəsində və müxtəlif bölgələrdə) keçirilən "dəyirmi masa”lar, seminarlar cəmiyyətin ən müxtəlif təbəqələrinin ürəkdolusu fikir və ideya bölüşdüyü məkanlara çevrildi.

Sizin yaratdığınız Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də fəaliyyəti, düşünürəm ki, məqsədyönlü oldu. Bu Mərkəz ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində "Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirdi. Onu da qeyd eləmək istərdim ki, əgər əvvəllər biz xarici universitetləri belə bir fənnin tədrisinin vacibliyini inandırmağa çalışırdıqsa, bu gün bizə həm artıq əlaqə qurduğumuz universitetlərdən, həm də tamamilə yeni universitetlərdən təkliflər gəlir. Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir. Lakin biz bununla işimizi bitmiş hesab etmirik. Bilavasitə Sizin tövsiyənizlə həmin xarici tələbələr Azərbaycanla bağlı nəzəri biliklərə yiyələndikdən sonra biz onları ildə iki dəfə – yayda və qışda Azərbaycana, yay və qış multikulturalizm məktəblərinə dəvət edirik. Onlar vətənimizin müxtəlif bölgələrində olub Azərbaycan həqiqətlərini öz gözləri ilə yerindəcə görürlər. Bu multikulturalizm məktəblərini maraqlı edən həm də odur ki, bir sıra Azərbaycan universitetlərinin tələbələri də bu tədbirdə iştirak edirlər. Eyni zamanda, onların qonaq olduqları İsmayıllı, Qusar, Qəbələ, Xaçmaz, Zaqatala, Oğuz, Şəki, Bakı gəncləri də prosesdən kənarda qalmırlar. Onlar üçün xüsusi proqramlar hazırlanır, dərslərə həm ölkəmizdən, həm də xaricdən müəllimlər, mədəniyyət, elm, siyasət xadimləri dəvət edilir. Belə şəraitdə yaranmış dostluqlar bu gün də davam edir. Gənclər görür və inanırlar ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın güc qaynağı onda yaşayan xalqların gücündən yaranır. Onlar əsrlərboyu zülmə baş əyməyən, nəhayət, məhrumiyyətlər hesabına öz əbədi azadlığına qovuşan, müstəqilliyini əldə edən qürurlu bir xalqın müxtəlif adət-ənənələri ilə yaxından tanış olurlar və həqiqətən də onların əvvəlki, hətta bəzi halda soyuq marağı coşqun sevgi ilə əvəz olunur. Elə bunun üçün də bizim onlarla əlaqəmiz sistemli bir fəaliyyət perspektivini nəzərdə tutur. Gələcəkdə universitet fəaliyyətindən sonra da bu gənclər Azərbaycanın dostları kimi bizim yanımızda olacaqlar, biz bunun üçün konkret proqram-layihələr hazırlayırıq. Bircə onu demək yetərli sayıla bilər ki, son yay məktəbində xarici universitet gəncləri Azərbaycanın gənc dostları klubunu yaratdılar – onun həmsədrləri litvalı tələbə ilə yunanıstanlı tələbə oldu. Bu rəsmi klubun artıq saytı fəaliyyət göstərir. Klubun 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, Azərbaycanı ürəkdən sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın qədirbilən gənc dostları Azərbaycanı bizdən əvvəl qorumağa hazırdırlar. Azərbaycan Prezidentinin göstərdiyi konkret siyasi-ideoloji hədəfin çox vacib bir nəticəsi də budur.

2016-cı ildə nəşr sahəsində də xeyli iş görüldü. Qəzet və sayt səhifələrində, ayrı-ayrı kitablarda, jurnal və toplularda multikulturalizm həm elmi-nəzəri, həm tarixi, həm mədəni, həm bölgələr üzrə, həm də müasir siyasi-ictimai baxımdan sərf-nəzər edildi. BBMM tərəfindən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı son dərəcə əhəmiyyətli kitab çap olundu. On əsrlik Azərbaycan ədəbiyyatı tarixində ən müxtəlif klassik şair və yazıçılarımızın müxtəlif əsərlərində, dastan və nağıllarımızda başqa dinin, başqa millətin nümayəndə və rəhbərlərinə hörmət dolu münasibət, sevgi və ehtiram sərgiləndiyi bu kitab artıq rus və ingilis dillərinə tərcümə edilib.

2016-cı ildə Sizin xeyir-duanızla "Multikulturalizm” adlı rüblük jurnalın nəşrinə də başlanıldı. Jurnal Azərbaycan multikultural dəyərlərinin dünyada, dünya təcrübəsinin isə Azərbaycanda yayılmasını nəzərdə tutur. Eyni zamanda, ümid edirəm ki, bu jurnal vasitəsilə Azərbaycan multikultural əhvalının energiyasının dünyaya yayılması prosesi gələn illərdə də davam edəcək.

Ötən il BBMM-in xaricdə filiallarının yaranmasının və artıq ilk addımlarını atmasının da şahidi olduq. Bu gün Mərkəzin Drezden, Lissabon, Roma, Yekaterinburq, Moskva, İsrail, Moldova, Sofiya filialları öz ətrafına ölkələrinin tanınmış mütəxəssislərini toplamaqda və Azərbaycanla əlaqələrini bu perspektiv xətt üzrə möhkəmlətməkdədirlər.

Azərbaycanın bir sıra şəhər və bölgələrindəki qurumlarında yaddaqalan proqram xarakterli tədbirlər keçirildi. Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, ictimai və dövlət təşkilatları, televiziya komitələri, yaradıcı təşkilatlar, qəzetlər, saytlar - hər biri "Multikulturalizm ili”nə öz töhfəsini verdi. Cəsarətlə demək olar ki, Azərbaycan Prezidentinin "Multikulturalizm ili” ilə bağlı həm ölkəyə, həm də dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına çatdı. Ən ucqar Azərbaycan kəndində də, məscid, kilsə, sinaqoqlarda da xalqımızın bu möhtəşəm dəyəri müzakirə obyektinə çevrildi. Ən müxtəlif bölgələrdə insanlarımız bu istiqamətdəki siyasi dəstəyi yüksək qiymətləndirdilər. Ən müxtəlif ölkələrdən – Amerikadan, İngiltərədən, Fransadan, Almaniyadan, İspaniyadan, İtaliyadan, Portuqaliyadan, Rusiyadan, Türkiyədən, İsraildən, Misirdən, Gürcüstandan, İndoneziyadan, Çexiyadan, Polşadan və başqa ölkələrdən multikulturalizm xətti ilə gələn qonaqlarımız Azərbaycan multikultural siyasətindən ağızdolusu heyranlıqla bəhs etdilər, öz ölkələrində də belə siyasi kursun vacibliyini önə çəkdilər, multikulturalizmin Azərbaycan modelinin öz ölkələrində coşqun təbliğatçılarına çevrildilər.

Bir daha çıxışımın əvvəlinə qayıtmaq istərdim. Bir il əvvəl böyük siyasi müdrikliklə mənəvi dəyərlərimizin yaşamasına, xalqın, millətin, dövlətin adının uca tutulmasına şərait yaradan Azərbaycan Prezidenti intəhasız uzaqları gördü. Nəticədə xalqımıza, ölkəmizə siyasi, mənəvi faydalar gətirən mətləblərin üzə çıxmasına real şərait yaratdı. Biz, heç şübhə etmirik ki, bu gün də yeni hədəflərin, yeni idealların astanasındayıq. 2016-cı il artıq geridə qaldı, "Multikulturalizm ili” təqvim ili olaraq sona çatdı. Amma biz inanırıq ki, təqvim illəri xalqın canında, ruhunda yaşayan zəngin potensialın ifadəsi üçün maneə ola bilməz. Multikultural əhval – başqasına şəfqət, mərhəmət, ehtiram, özünü özgədən ayırmamaq dünya xalqlarının ulu mənəvi dəyərlər xəzinəsinə bizim verə biləcəyimiz, əcdadlarımızın qanı ilə qanımıza keçən mənəvi saflıq, ləyaqət, şərəf hissləridir. Azərbaycan xalqı onları xüsusi bir coşqunluqla yenə də qoruyub yaşadacaq.

Bu gün bütün dünya görür ki, Azərbaycan necə dəyişir. Bu gün təkcə Bakı, onun mənzərəsi deyil, ölkəmizin bütün şəhərləri, kəndləri, küçələri, meydanları, tikililəri, yolları dəyişir. Amma dəyişən təkcə bunlar deyil, bununla yanaşı, Azərbaycan insanı dəyişir, mənən, daxilən, ruhən dəyişir. Bu insan ictimai mənafeyi hər şeydən uca tutmağa başlayır. Bu insan bayrağına, dövlətinə, himninə, Prezidentinə məhəbbətini, böyük və zəngin keçmişinə sədaqətini artıq böyük bir şərəf və ləyaqətlə özündə yaşadır. Bu insan həm öz xalqını, həm də dünya xalqlarını sonsuz bir məhəbbətlə sevir. Həm milli, həm də bəşəri dəyərlərin keşiyində durur. Bunu görməmək, görməzliyə vurmaq artıq mümkün deyil. 2016-cı ilin Azərbaycanda baş vermiş multikultural təntənəsi bunu bir daha sübut etdi.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin NƏBİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin, idarəetmə sisteminin inkişaf etdirilməsinin, qanunsuz miqrasiyanın qarşısının alınmasının, miqrasiya prosesləri üzərində dövlət nəzarətinin və müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin vahid dövlət orqanı tərəfindən aparılması bu sahədə işlərin effektivliyini daha da artırıb. Ötən dövr ərzində miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti fəaliyyətində Sizin tapşırıqlarınızı və tövsiyələrinizi rəhbər tutaraq, işini müasir tələblərə uyğun qurub.

Cənab Prezident, məlum olduğu kimi, müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Hazırda biz İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada, ümumilikdə, 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşüb. Vətəndaşlığı olmayan şəxslərin sayı isə 10 milyona yaxınlaşıb.

Bu gün sakitcə öz həyatını yaşayan xalqı demokratiya pərdəsi altında hakimiyyətə qarşı qaldıran və ona gözəl gələcək vəd edənlər indi həmin xoşbəxt gələcəyə qovuşmaq üçün Avropaya sığınan milyonlarla insanı dəmir və beton sədlərlə, tikanlı məftillərlə, polis zorakılığı ilə, hətta insanlığa sığmayan əməllərlə üz-üzə qoyurlar. Lakin acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində hələ ki, real və konkret addımlar atmayan Avropanın cəhdləri və bəyanatları isə heç bir nəticə vermir. Avropa ölkələrində qəbul edilən qanunlar insanların irqindən, dinindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar, yüksək həyat şəraiti nəzərdə tutsa da, bir sıra ölkələr miqrantlara dini mənsubiyyətlərinə görə yanaşırlar.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi nəticəsində son illər dünya ölkələrində baş verən miqrant böhranı fonunda ölkəmizdə həm xarici, həm də daxili miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması istiqamətində səmərəli və məqsədyönlü tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir.

Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və tərəfimizdən görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, Azərbaycanın geosiyasi cəhətdən əlverişli məkanda yerləşməsi, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, aparılan uğurlu xarici siyasət ölkəmizi miqrantlar üçün cəlbedici edib. Miqrasiya proseslərinin intensivləşməsi və qeyd olunanların məntiqi sonluğu kimi dövlətimiz mənşə ölkəsindən müasir və sürətlə inkişaf edən tranzit və təyinat ölkəsinə çevrilib.

Bununla yanaşı, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə” prinsipinin tətbiqi haqqında” imzalanmış 2009-cu il 4 mart tarixli Fərmanın tətbiqi bu sahədə operativliyi, sənədləşmənin sadələşməsini və həllini gözləyən bir çox problemin aradan qaldırılmasını təmin edib. 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi istər MDB, istər Avropa, istərsə də digər dövlətlərin marağına səbəb olub və ölkəmizin bu sahədəki təcrübəsi həmin dövlətlər tərəfindən öyrənilməkdədir.

Bu gün Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib. 2016-cı il ərzində 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. 2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib.

Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

Görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətimizdə saxlanılacaq.

Eyni zamanda, məruzə etmək istəyirəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir və qanunvericiliklərində müvafiq dəyişikliklər edərək, həmin təcrübəni tətbiq etmək istəyirlər.

2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır. Hesabat dövründə "qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.

Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.

Möhtərəm cənab Prezident, 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma və yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı Xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.

Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən "ASAN xidmət” mərkəzlərində də bir neçə xidmət növü təqdim olunur. Ümumilikdə, Dövlət Miqrasiya Xidməti tərəfindən əhaliyə 11 növ elektron xidmət göstərilir.

Hesabat dövrü ərzində miqrasiya sahəsində baş verən yeniliklər və mühüm tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və vətəndaşların maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər təşkil olunaraq həyata keçirilib.

Hörmətli cənab Prezident, 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə və beynəlxalq layihələrdə iştirakın təmin olunmasına xüsusi önəm verib, Birləşmiş Millətlər Təşkilatı, Qaçqınlar üzrə Ali Komissarlıq, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi təşkilatlarla və bir çox ölkələrlə miqrasiya sahəsində əlaqələri inkişaf etdirib.

Möhtərəm cənab Prezident, Sizin tərəfinizdən ölkəmizin hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun yeni mərhələyə keçməsi qarşımıza daha ciddi vəzifələr qoyub. Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti adından Sizi əmin edirəm ki, Azərbaycan Respublikasının miqrasiya siyasətinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Zati-aliləri, icazə verin, fürsətdən istifadə edərək, bu sahəyə göstərdiyiniz diqqət və qayğıya görə miqrasiya orqanları işçiləri adından Sizə dərin minnətdarlığımı bildirim.

X X X

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam KƏRİMOV çıxış edərək dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident.

Son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatların tərkib hissəsi olaraq Sizin təşəbbüsünüzlə dörd il öncə Azərbaycanda yeni qurum - "ASAN xidmət” təsis edilib.

Müəllifi olduğunuz "ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Sizin qarşımızda qoyduğunuz əsas vəzifə dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin, vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb.

Yüksək diqqətinizə çatdırmaq istərdim ki, hazırda respublikamızda 11 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2016-cı ildə Qəbələ "ASAN xidmət” mərkəzi və Masallı "ASAN həyat” kompleksi fəaliyyətə başlayıb. Sizin hər bir "ASAN xidmət” mərkəzinin açılışında iştirakınız "ASAN” əməkdaşları üçün böyük şərəf və məsuliyyətdir. Bu qayğınız bizi daha böyük əzmlə işləməyə sövq edir.

Məruzə edirəm ki, "ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət göstərilir. Bu xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən təqdim edilir. Bundan əlavə 2016-cı ilin dekabrında fəaliyyətə başlayan "ASAN Kommunal” Mərkəzində "Azəriqaz”, "Azərsu”, "Azərişıq” şirkətlərinin 45 növ kommunal xidmətləri göstəriləcək.

Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə ilk "ASAN Qatar” təhvil verilib.

2016-cı ilin sonunadək "ASAN xidmət”ə edilən ümumu müraciət sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib. 108 Çağrı mərkəzi indiyədək 1 milyon 210 min zəngi qəbul edərək cavablandırıb.

Daha çox xidmət göstərilmiş sahələr üzrə məruzə etmək istərdim:

"ASAN xidmət” mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2605 lisenziya verilib.

Toplanmış dövlət rüsumları hesabına büdcəyə, ümumilikdə, 69 milyon manat, 2016-cı ildə isə 20 milyon manat ödənilib.

Ötən il mərkəzlərdə xidmətlərə görə vətəndaş məmnunluğu 100 faizə yaxın olub. Bu göstərici "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün dövlət orqanlarının birgə əməyinin nəticəsidir.

Möhtərəm cənab Prezident, Sizin vurğuladığınız kimi, "ASAN xidmət”in fəaliyyəti dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu məqsədlə Dövlət Agentliyi tərəfindən etik davranış, psixoloji və digər mövzular üzrə 1142 təlim keçirilib. Bu təlimlərdə 20 minədək şəxs iştirak edib.

Qeyd etmək istərdik ki, hazırda "ASAN xidmət”də 2300-dən çox gənc əməkdaş çalışır. Onların 51 faizini qadınlar təşkil edir. Sizin tapşırığınıza əsasən yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən çox gənc fəaliyyətimizə könüllü qismində cəlb olunub. 700-dən çox könüllü "ASAN kadr” portalı vasitəsilə işlə təmin edilib. Könüllülər 200-dən çox yerli və beynəlxalq layihələr icra ediblər. Könüllülərimiz, həmçinin sosial şəbəkələrdə də fəal iştirak edib, Sizin apardığınız xarici və daxili siyasətin aktiv təbliğatçıları olublar.

Vətəndaşlarımızın dövlət xidmətləri barədə rəyi fəaliyyətimizin əsas keyfiyyət göstəricisi olub. Fəaliyyətimizlə bağlı məmnunluq əmsalı ilə yanaşı, həmçinin daxil olmuş şikayətlər barədə də Sizə məlumat vermək istərdim. 2016-cı il ərzində "ASAN xidmət”ə daxil olmuş müraciətlərin 0.17 faizi üzrə şikayət olub. Bütün şikayətlər operativ şəkildə araşdırılıb və öz həllini tapıb.

Zati-aliləri, Dövlət Agentliyinin qarşısında qoyduğunuz digər vəzifə dövlət xidmətlərinin elektronlaşdırılması və innovasiyaların tətbiq edilməsidir. Hər il 34 dövlət orqanı üzrə 441 elektron xidmət qiymətləndirilib və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. 43 innovativ və startap layihəsi təqdim olunub, onlardan 22-si artıq tətbiq edilib. "ASAN ödəniş” sisteminə 97 dövlət orqanı inteqrasiya edilib. Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vahid reyestri yaradılıb. Reyestrə 118 dövlət orqanının 756 xidməti daxil edilib.

Sizin tapşırığınıza əsasən "ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədi ilə "ASAN Index” yaradılıb. Bu ildən dövlət xidmətləri "ASAN Index” vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək.

Elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, "Elektron İştirak İndeksi” üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb.

Möhtərəm cənab Prezident, "ASAN xidmət” konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edib. 2016-cı il "Qlobal Korrupsiya Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını göstərib. Ölkəmizin göstəriciləri bu sahədə Avropa İttifaqı və postsovet ölkələri ilə müqayisədə daha yüksək olub. Təsadüfi deyil ki, bu sahədə effektiv model axtarışında olan dünya birliyi Azərbaycan brendinin tətbiqi ilə yaxından maraqlanır və bu innovativ xidmət təcrübəsindən faydalanır.

"ASAN xidmət”in BMT, Dünya Bankı, Avropa Parlamenti və Afrika İttifaqında, 15-dən çox Avropa və digər dövlətlərdə, o cümlədən beynəlxalq media vasitələrində təqdimatı olub.

Sizin dəfələrlə qeyd etdiyiniz kimi, bu, Azərbaycanın intellektual məhsul yaratmaq potensialının göstəricisidir. "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətlərə layiq görülüb, xüsusilə BMT-nin bu sahədə ən ali mükafatı ilə təltif edilib.

Möhtərəm cənab Prezident, 2017-ci il ərzində Dövlət Agentliyi qarşısında qoyduğunuz vəzifələrin icrası ilə bağlı məruzə edirəm ki, bu il Mingəçevir və Qubada regional "ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur. Bakı şəhərində daha iki "ASAN Kommunal” Mərkəz yaradılacaq.

Ölkəmizdə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində "ASAN Viza” sistemi tətbiq edilib. Sizin tapşırığınızın icrası ilə bağlı məruzə etmək istəyirəm ki, bu gündən etibarən "ASAN Viza” sistemi tam fəaliyyətə başlayacaq. Bu sistem Xarici və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd, Dövlət Miqrasiya xidmətləri ilə birlikdə yaradılıb və bütün informasiya bazaları ilə inteqrasiya olunub.

Sosial xarakterli "Ailə Biznesinə ASAN Dəstək” – "ABAD” layihəsi üzrə Masallıda pilot layihənin icrasına başlanılıb. Bu il ərzində Balakəndə Dövlət Neft Şirkəti ilə birlikdə "ABAD park” kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə "ABAD” mərkəzin təşkili nəzərdə tutulur.

Eləcə də elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər.

Möhtərəm cənab Prezident, söz veririk ki, 2017-ci ildə "ASAN xidmət” kollektivi yüksəkkeyfiyyətli xidmətlərini göstərməkdə davam edəcək, dövlət orqanlarının fəaliyyətinə vətəndaşlarımızın inamını daha da gücləndirəcək, mövcud olan nöqsanları aradan qaldıracaq. Əmin edirik ki, fəaliyyətimizlə Sizin yüksək etimadınızı doğruldacaq, qarşımızda qoyduğunuz ciddi vəzifələri vicdanla icra edəcək, vətəndaşlarımızın sosial problemlərinin həllində əməyimizi əsirgəməyəcəyik.

X X X

Prezident İlham Əliyevin yekun 

nitqi

-Əminəm ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.

2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək.

Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək.

Bununla yanaşı, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək.

Əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Bax, yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilmişdir.

Biz keçən ay "Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş "Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə "Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, "naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq.

Digər inşaat layihələrinin icrası nəzərdə tutulur. Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər.

Bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir.

Mən giriş sözümdə qeyd etdim, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq.

Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

Mən qeyd etdim ki, baxmayaraq, 2016-cı il ağır il olmuşdur, qeyri-neft sənaye istehsalı artmışdır. Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Hesab edirəm ki, gələn aydan etibarən burada artıq bütün inşaat işləri də başlanmalıdır. Mingəçevir Sənaye Parkında – o, yüngül sənayeyönümlüdür, - birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq.

Keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Əminəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılacaq. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarımızla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyuldu. Digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkında yaxşı işlər gedir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər.

Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür. Yeni torpaq sahələrinə suyun verilməsi təmin edilir. Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik.

Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik.

Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir.

Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda əfsuslar ki, çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək.

Zeytunçuluq. Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır.

Tütünçülüklə bağlı tədbirlər görülür. Artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilibdir. Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir.

Nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir. Üzümçülüklə bağlı hesab edirəm ki, daha da ciddi işlər aparılmalıdır və mənim tərəfimdən müvafiq göstərişlər verilib. Burada da həm yeni üzüm bağlarının salınması, eyni zamanda, şərab zavodlarının səmərəli fəaliyyəti, keyfiyyətin artırılması vahid bir kompleks yaratmalıdır.

Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir. Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır.

Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir.

Keçən il heyvandarlıqla bağlı ciddi addımlar atılıb. İndi yeni layihələr icra edilir. Biz bundan sonra heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir və eyni zamanda, bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək. Onların təyinatı dəyişdirilməlidir. İndi harada mümkündür işlər gedir və biz onları da əkinə cəlb etməliyik.

Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək.

Əlbəttə ki, bütün bu işləri görmək üçün infrastruktur olmalıdır və son illərdə bu istiqamətdə çox böyük addımlar atılmışdır. Qeyd etməliyəm ki, elektrik enerjisi ilə bağlı addımlar atılır. Qazlaşdırma Azərbaycanda 92 faizə çatıb. Düzdür, hələ ki, mindən çox kənddə qaz yoxdur. Onu da biz bilməliyik. Bu proses - kəndlərin qazlaşdırılması prosesi gedir, bu il də, gələn illərdə də gedəcək. Ancaq, ümumiyyətlə, ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 92 faizə çatıb. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.

Kənd yollarının tikintisi keçən il də uğurla aparılmışdır. Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi, - əlbəttə ki, kəndlərin sayı daha da çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir, - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır.

İçməli su layihələrinin icrası bu il də davam edəcək. Artıq bir çox şəhərlərimizdə içməli su layihələri başa çatıb.

Hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılmışdır. Ən müasir silahlar ölkəmizə gətirilmişdir və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək.

Sosial infrastrukturun yaradılması bu il davam etməlidir. Mən qeyd etdim ki, keçən il 500-dən çox məktəb tikilib, təmir edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub. Bu layihələri biz iki ilə bölürük, bu il və gələn il. Vəsait nəzərdə tutulur. Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir. Səhiyyə ocaqları da həmçinin. Biz demək olar ki, bütün şəhərlərdə ən müasir xəstəxanaları tikmişik, yaxud da ki, əsaslı təmir etmişik. Harada lazımdırsa, yenə də bu işlər davam etdiriləcək.

Ekoloji tədbirlər bu il də aparılmalıdır. Çirklənmiş ərazilər təmizlənməlidir. Modul tipli sutəmizləyici qurğular yaradılmalıdır. Yüzlərlə kənddə bu qurğular quraşdırılıb və bu proses davam etdirilməlidir.

Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni, barverən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə müvafiq tədbirlər görülməlidir, tinglər tədarük edilməlidir. Yaxud da harada ki, çatışmır xaricdən gətirilməlidir, bu işlərə vəsait ayrılmalıdır.

Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Baxmayaraq ki, bu il turistlərın sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. "ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaqdır. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır. Yenə də sahibkarlar, bax, bu amili nəzərə alsınlar. İkiulduzlu, üçulduzlu otellərin tikintisinə daha çox fikir verilməldir. Çünki bu gün turistlər hara gedir? Harada ki, təhlükəsizlik, əmin-amanlıq, xaricilərə xoş münasibət, gözəl mənzərə, tarixi abidələr, yaxşı xidmət, yaxşı otellər var. Bunların hamısı bizdə var. Bəziləri bizə tarixdən qalıb, bəzilərini biz özümüz yaratmışıq. Ona görə Azərbaycanı dünyada daha çox tanıyırlar. Bizim keçirdiyimiz beynəlxalq tədbirlərin məqsədi budur. Biz ildə bir neçə mötəbər beynəlxalq tədbir keçiririk. Qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışlarını keçiririk, Avropa Oyunları, "Eurovision”, Formula-1 ki, 500 milyon auditoriyası var. İndi Formula-1 kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz. Çünki ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq Formula-1 hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir.

"ASAN xidmət”lə bağlı burada məruzədə planlar haqqında deyildi. Qeyd etməliyəm ki, biz coğrafiyanı bundan sonra da genişləndirəcəyik və "ASAN xidmət”in funksiyalarını da genişləndirəcəyik. Çünki o, öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq "ASAN xidmət”dəki kimi olmalıdır.

Bu il biz "Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, "Cənub Qaz Dəhlizi” o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, "Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.

İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz "Cənub Qaz Dəhlizi”ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. "Cənub” qaz dəhlizini biz icra edəcəyik və vaxtında.

Nəqliyyat sahəsində görüləcək əsas işlərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni, nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın. Bununla bərabər, Şimal-Cənub layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər.

Biz "Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək.

Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.

Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.

Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili” elan edirəm.



SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar