Umud Mirzəyevin “Danışan Daşlar” adlı qeydlər silsiləsindən – “Şirincə Gündəliyi” (VİDEO, FOTOLAR)

img

10-01-2017 [18:54]


Mia.az Eurasia Diary” analitik informasiya portalına istinadən,  BAMF sədri Umud Mirzəyevin Türkiyənin İzmir və Ordu vilayətlərinə səfəri zamanı eşitdiyi və gördüyü maraqlı faktların əks olunduğu "Danışan Daşlar” adlı yol qeydləri silsiləsindən ilk yazını oxucularına təqdim edir:

****

"Mən daşların danışdığını bilirdim. Amma daşların bu möcüzəsini İzmirə səfərim zamanı duyduğum qədər heç zaman duymamışdım. Daşlar da insanlar kimidir. Dindirsən sənə 100 illərin, min illərin, qərinələrin səlnaməsini danışar. Tarixlərdən nişan verər. Əllərni toxundursan canlı bir varlığa çevrilər. Qosqocaman həmsöhbət olar. İzmirdə olduğum günləri beləcə hisslərlə yaşadım.

Ən maraqlısı da bu idi ki, burada yaşayan insanlarla buradakı daşların, dağların, sal  qayaların, abidələrin qəribə bir oxşarlığı va idi.

Bu  oxşarlığı mən İzmirə səfərim zamanı "Şirincək”, "Yeddi Uyuyanlar”, "Məryəm Ana”, "Efes” abidələrini ziyarət edərkən, daha çox hiss etdim. Mən bu yazıda indi haqqında əfsanələr, nağıllar danışılan "Şirincək” barəsində söhbət açacam.

2012-ci ilin 12 –ci ayının 21–də Maya təqviminə görə dünyada qiyamət gününün baş verəcəyi, həyatın sonu olacağı proqnozlaşdırılırdı.

Dünyanı gözləyən bu böyük fəlakətdən xilas olacaq, yan keçəcək yeganə məkan kimi Şirincəyin yerləşdiyi ərazi göstərilrdi. Ona görə də , həmin vaxt, bütün dünyanın gözləri Şirincəyə dikilmişdi.

Hətta bəzi insanlar dünyanın ən ucqar yerlərindən, belə desək "canlarını qurtarmaq” üçün həmin tarixdə Şirincəkdə olmağa can atırdılar. Şirincəyi qarış-qarış , küçə-küçə gəzdim.

Rastlaşdığım ixtiyar baba və nənələrlə söhbət etdim. Mənə həm Salonikdəki, həm də Şirincəkdəki yaşamlarını, güzaranlarını anlatdılar. Salonikdən danışan hər kəs böyük Mustafa Kamal Atatürkdən iftixarla söz açır, onun da Salonikdən olmasını diqqətə çatdırırdılar.

Ən maraqlısı  budur ki,  bu insanlar nə özlərinin əski yurd-yuvalarını unudublar, nə də buradan köçüb getmiş yunanları. Onların bu gündə get-gəlləri davam edir.  Şirincə adı kimi havası ilə, suyu ilə, təamları ilə, insanlarının ləhcəsi ilə şirinləşib mənim üçün unudulmaz bir xatirəyə çevrildi.

Tarixin "Şirincəsi”

Bəli, gözlənən "qiyamət” baş vermədi. Amma bu kənd də öz mifik ruhunu qoruyaraq, yaddaşlardan silinmədi .  Buraya  hər il dünyanın dörd bir tərəfindən axışan on minlərlə turistin sayı da  sübut edir. Bir çoxlarının "qiyamət kəndi” olaraq gördüyü bu kənd həqiqətən  sirlidir.

Şirincə XIX əsrdə, xüsusilə əncir ixracı ilə məşhur, 1800 evdən ibarət bir yunan qəsəbəsi idi. 1923-cü ildə yunanların yerini eyni sayda kəndlərdən gələn türklər aldılar. 1950-ci illərdə kənddə 2000-3000 nəfər olsa da, sonradan 700 nəfərə qədər azalan əhali 1990-cı illərdən etibarən turizmin inkişafı ilə əlaqədar təkrar yüksəlişə başladı.

Kənddə hələ də bəzi yunan evləri mehmanxana kimi xidmət göstərməkdədir. Kənd içində hələ də yunan kilsələrini türklər qoruyub saxlayıblar.

İndiki Şirincəlilərin söylədiklərinə görə, babaları dağların ətəklərindən gəlib Şirincəyə çatdıqlarında ilk sözləri "Eh, aldatdılar bizi!” olmuşdur. Buradan gedən yunanlar da yəqin eyni şeyi düşünmüşlər ki, köçdükləri yerdə kəndin eynisini tikib adını da "Şirincə” qoymuşlar.

Üstəlik, Məryəm Ananın məzarının bu bölgədə, yəni Bülbül dağlarında olduğuna dair bir fikir də mövcuddur. Şirincədə çox maraqlı başqa bir "kənd” də var. Kənd içində kənd deyirlər ona. Bu, tamamilə təhsil məqsədi üçün qurulan bir təşkilatdır. Adı Matematik (Riyaziyyat) kəndidir. Nesin Matematik kəndi riyaziyyat sahəsində fəaliyyət göstərən bir təhsil ocağıdır.

Bu kənd İzmirin Şirincə mahalına 1 kilometr uzaqlıqda olan Nesin vəqfinə aid 5,5 hektarlıq bir ərazidə 2007-ci ilin may ayında qurulub. Kənddə elm və təhsil məqsədli riyaziyyat və ya riyaziyyata bağlı elmlərlə əlaqədar çalışmalar, dərslər, seminarlar və düşərgələr təşkil edilməkdədir.

Sonda xüsusilə İzmirdə olarkən əldə etdiyim xoş təəssüratlara və toplaya bildiyim maraqlı  məlumatlara görə izmirli dostum, alim, 9 Eylül Universitetinin professoru Aykut Kefiyə minnətdarlığımı bildirirəm.

Dostum Aykutun yardımı olmasaydı, indi bəlkə də "Şirincə Gündəliyi” olmayacaqdı … "

Qeyd edək ki, BAMF sədri Umud Mirzəyevin  "Danışan Daşlar” adlı qeydlər silsiləsinə "Şirincə Gündəliyi” ilə yanaşı onun Efes , Məryam ana və "Yedi Uyuyanlar” abidələrinə ziyarəti haqqında da maraqlı məqalələr daxildir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR