"Vidadi müəllim özü generalların sürücüləriylə əlaqə saxlayırdı" - Aparat rəhbərinin "köməkçisi"nin ifadəsi

img

02-01-2017 [23:47]


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni maraqlı detallar ortaya çıxır.

İttiham aktına əsasən, cinayət işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər ay MTN-ə pul verməsi epizodu üzrə şahid qismində Həşimov Səlim Sahib oğlu dindirilib.

 O, ifadəsində göstərib ki, 2005-cı ildən 2015-ci ilin dekabr ayına kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əlaqələr və hesablaşma mərkəzinin mühəndisi vəzifəsində işləyib:

 "Nazirlikdə aparat rəhbəri olmuş Vidadi Zeynalovu tələbəlik illərimdən tanıyıram, 2008-ci ilin yanvar ayında onun otağında oturmaqla işlərinə kömək edirdim. Vidadi müəllimin otağında işim əsasən şöbələrdən gələn sənədlərin qəbulu, sənədlərin  aidiyyəti üzrə göndərilməsi, lazım olanda telefon əlaqəsi yaradılması, zənglərə cavab verilməsi, çay vermək və digər ortaya çıxan digər texniki məsələləri həll etməkdi. 

Gördüyüm işlərə görə Vidadi Zeynalov özü mənə hər ay "paket” kimi 1000 manat əlavə əmək haqqı verirdi, bundan əlavə nazirlikdə əvvəlki rəhbərliyin qoyduğu qeyri-rəsmi qaydaya əsasən hər ayın əvvəli işçilərə "paket” kimi verilən pulların bölünüb paylanmasında Vidadi Zeynalova kömək etmişəm. Belə ki, Vidadi Zeynalov mənə işçilər arasında "paket” kimi verilən pulların bölünməsinə dair siyahı verirdi, o, siyahı üzrə hesablama apararaq hansı məbləğdə pulun paylanmasını müəyyən edirdim. Müvafiq məbləğləri götürüb ayrı-ayrılıqda zərflərə qoyaraq şöbələr üzrə şöbə rəislərinə təhvil verirdim”. 

 Şahid istintaq ifadəsində qeyd edir ki, kənar təşkilatlardan pul almağa yalnız ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sürücülərinin gəlməsini görüb: 

"İşlərin vəziyyətindən asılı olaraq Vidadi müəllim həmin sürücüləri özü  şəxsən qəbul edərək pul bağlamalarını verirdi, o, işlə bağlı başqa yerə getdikdə pul olan bağlamanı mən verirdim. Sübahir Qurbanovun sürücüsü Ramili və Teymur Quliyevin sürücüsü Eynullanı tanıyırdım. 

Ramili Vidadi müəllimin yanında 3 ilə yaxındır görürdüm, Eynulla isə son 1-2 ildir gəlib gedirdi. Həmin sürücülərin gəlməsinin dəqiq qrafiki olmurdu. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinə "paket” paylanandan 2-3 gün sonra Vidadi  müəllim özü həmin sürücülərlə əlaqə saxlayıb onları nazirliyə çağırırdı. Sürücülər nazirliyə gələndə Vidadi Zeynalovun tapşırığına əsasən onları 208 nömrəli otağa buraxdırırdım. Bizim nazirliyinin əməkdaşları ilə MTN-in işçiləri arasında hər hansı bir əlaqənin olub -olmadığını dəqiq bilmirdim, amma Teymur Quliyevin nazirliyin kuratoru olmasını eşitmişdim”.

Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR