Bahar Muradova “yorğan” məsəlinə aydınlıq gətirdi - VİDEO

img

06-12-2016 [10:54]


Son günlər bəzi mətbuat orqanlarında, həmçinin sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Bahar Muradovaya qarşı etirazlar ifadə olunur.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı "xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid edirlər.

Vitse-spiker sayta açıqlamasında bildirib ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil: 

"Birmənalı şəkildə deyirəm ki, o sitatlar nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının "təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər.

Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o, bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur”.

Əlavə fikir söyləməyə lüzum görməyən B.Muradova Milli Məclisdəki son müzakirələr zamanı etdiyi çıxışların linkini də təqdim edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR