“İstehlakçıların hüquqlarının qorunmasına dəstək” - Xanım Əhmədzadədən açıqlama

img

05-12-2016 [18:15]


"Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri "İstehlakçıların hüquqlarının qorunmasına dəstək” layihəsi həyata keçirir.

Bu barədə Mia.az-a açıqlama verən birliyin sədri Xanım Əhmədzadə deyib ki, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna baxmayaraq, bu sahədə hüququn pozulması faktları kifayət qədər çoxdur. Əsas problemlərdən biri də vətəndaşların bu qanunlar, fərman və sərəncamlar haqqında təsəvvürlərinin, məlumatlarının az olmasıdır. 

Cəmiyyətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı narazılıqların, məhkəmə çəkişmələrinin və dögər problemlərin mövcudluğunu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğunu nəzərə alaraq həyata keçirilən layihənin əsas hədəfi istehlakçıların hüquqlarının qorunmasına milli qanunvericilik əsasında hərtərəfli dəstək göstərilməsidir. Bu mqsədlə istehlakçı hüquqlarının effektiv müdafiəsi barədə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud problemlərin həlli ilə əlaqədar olaraq təcrübəli hüquqşünas tərəfindən hüquqi məsləhət və yardım göstərilməsi nəzərdə tutuub.

Maarifləndirmədə əsas məqsəd istehlakçı mədəniyyətinin yüksəldilməsindən, istehlakçıların öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə, problemlə qarşılaşdıqları zaman hansı zəruri tədbirləri görməli olduqları barədə yardım göstərməkdən ibarətdir. Bununla bağlı aparılmış sorğuların nəticələri də, belə təlimlərə sosial ehtiyac və sifariş olduğunu təsdiq edir. Bəzən alınan məhsulun qəbzini tələb etməyən alıcılar daha sonra hansısa qüsur aşkarlandıqda və ya malı dəyişmək istədikdə problemlə üzləşirlər. Nəticə etibarı ilə qabaqlayıcı tədbirlər haqda məlumatsız olduqlarından uduzurlar, hüquqlarını müdafiə edə bilmirlər, maddi-mənəvi ziyan çəkirlər, vaxtlarını və ümidlərini itirməli olurlar. 

Araşdırmalar göstərir ki, hazırda istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar əsas narazılıqlar zəmanət öhdəliklərinə və müddətinə əməl olunmaması, xidmətlərin və məhsulların lazımi keyfiyyətdə olmaması, reallıqdan uzaq, aldadıcı reklamlar, zərərə görə əmlak məsuliyyəti ilə bağlıdır. Bu cür neqativ halların aradan qaldırılması məqsədi ilə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daha aktualdır və təklif etdiyimiz layihənin cəmiyyətimizə fayda verəcəyinə, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinə dəstək olacağına inanırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR