“2017-ci ilin ortalarında vəziyyət düzələcək” - Deputat Zahid Oruc

img

05-12-2016 [18:07]


Dünyada baş verən qlobal iqtisadi böhranın təsirləri Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə noyabrın 28-də Tarif Şurasının kommunal xidmət haqlarının dəyişdirilməsilə ilə bağlı verdiyi son qərarı əhalidə şok effekti yaradıb. Bu fonda bir çox rəsmilərin, hökumət nümayəndələrinin gələcəklə bağlı qeyri-nikbin açıqlamaları əhalini pessimizmə sürükləyir.

"Azərbaycanda böhran müzakirə mövzusu deyil”

 Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc vəziyyəti böhranlı kimi qiymətləndirmək fikrindən çox uzaq olduğunu qeyd edib:

 "Çünki dünyada, qeyd olunan istilahın alt qatında dayanan iqtisadi parametrlər var. O təxminən həmin şəraiti özündə ehtiva edir ki, hökumət ümumən əhali qarşısında vətəndaşların ən ümdə problemlərini belə, yerinə yetirə bilmir. Bütün öhdəliklərini gerçəkləşdirmək imkanı olmur. Hətta bir az irəli gedib söyləyim ki, hökumətlərin bununla bağlı ölkədə defolt elan etməsi və buna bağlı beynəlxalq borclarını yerinə yetirə bilmədiyini elan etməsi kimi bir şəraitdən söhbət açılır. O cümlədən büdcənin formalaşması qeyri-mümkün olur. Müvafiq dövlət institutları həmin şəraiti yarada bilmir. Belə şəraitdə əvvəlcə iqtisadi, sonra isə siyasi böhranın bütün əlamətləri cəmiyyət üçün özünü göstərir. Düşünürəm ki, Azərbaycanda belə vəziyyət müzakirə mövzusu deyil”.

"Manat həm də sabit inam mücəssiməsi idi”

 Parlament üzvü deyib ki, iki devalvasiyanın fonunda vətəndaşların bank qurumları ilə kütləvi problemləri yaranıb:  "Bu o deməkdir ki, hökumətin atdığı addım vətəndaşların öhdəliklərini artırıb, onlar əvvəlki iqtisadi təşəbbüskarlıqlarını göstərib sosial layihələrini həyata keçirmək imkanından məhrum olublar. Birinci ən vacib görünən məsələ budur. İkincisi, manatın məzənnəsinin uzun illər ərzində sabit saxlanması bu ətrafda insanların ölkənin gələcək həyatı ilə bağlı bütün proqramlarına geniş meydan vermişdi. Belə demək mümkündür ki, manat sadəcə iqtisadi fenomen kimi sabit olmayıb, həm də ölkənin gələcəyi ilə bağlı sabit inam mücəssiməsinə çevrilib. İndi isə vətəndaşlar hər gün sanki hansı kabinetdə nə isə qərar veriləcəyini gözləyirlər.

 Hazırda vətəndaşlar kütləvi olaraq son manatını da dollara çevirməyə, dollar ajiotajı yaşamağa məcbur qalıblar. Bu şübhəsiz ki, istənilən hökumət üçün ciddi problemdir. Biz büdcə müzakirələrində də bunu dilə gətiririk. Son üç gün komitələr səviyyəsində 2017-ci illə bağlı müzakirələrdə ölkənin maliyyə-iqtisadi blokunu təmsil edən şəxslər müəyyən qədər resessiya elementlərini, yəni ümumi daxili məhsulun 2,3 faizə qədər aşağı düşəcəyini, büdcə gəlirlərinin azalacağını söyləməsi reallıqların etirafıdır. O biri yandan prosesin nəzarətdə olduğu mesajını da verdilər. Bir sıra başqa sahələrdə, ordu xərclərindən tutmuş müxtəlif layihələrin, sosial proqramların yerinə yetirilməsinə qədər onların qüvvədə saxlanıldığı, gələn il də bu sahədə hər hansı bir kəskin qayçılamanın həyata keçirilməyəcəyini söylədilər”.

"2017-ci ilin ortalarında vəziyyət düzələcək”

 Deputat bildirib ki, bəzən media, cəmiyyət, vətəndaşlar çox böyük eyforiyanı, nikbinliyi bölüşən məmuru ittiham edir, reallığı deyəni isə tənqid edirlər:

 "Bəzən nikbin danışan üçün deyilir ki, onun əhvalı cəmiyyətin yaşantılarına uyğun deyil. O, öz aləmində yaşayır və vətəndaşlarla ünsiyyət körpüsünü yaxşı qura bilmir. Bunu qüsur kimi qiymətləndirirlər.

Bəzənsə, nisbi bir reallığın etirafı belə, insanlarda xəyal qırıqlığı yaradır, sabaha inamlarını azaldır. Bildiyiniz kimi, sabah parlamentdə hökumətlə birgə büdcə müzakirələri davam etdiriləcək, kommunikasiya problemi haqqında danışacağıq. Amma düşünürəm ki, ölkə başçısının siyasi iradəsi, atılan indiki çevik addımlar, həyata keçirilməsi nəzərdə tutulan və hələ ki söylənməyən bir sıra dəyişikliklər, yeniliklər ona əminlik yaradır ki, bu problemlərdən 2017-ci ilin ortalarına doğru çıxmaq mümkün olacaq.

Həyata keçirilən kompleks tədbirlər mənfi tendensiyaları ən azı dondurmağa şərait yaradacaq və cəmiyyətdə formalaşan pessimist nöqtələri durdurmaq mümkün olacaq. Eyni zamanda hər birimizin, ictimai əlçatan adamların, cəmiyyətlə ünsiyyət quran kimsələrin bu dönəmdə hər bir ifadəsinə diqqətli yanaşması tələb olunur. Biz vəziyyəti izah etməkdən, insanlarla çox sağlam ünsiyyət qurmaqdan, informasiya vaakumunu doldurmaqdansa, buna əlavə mənfi ton verən mövqelərdən çəkinməliyik. Amma bir daha söyləyirəm ki, istər parlament üzvlərinin, istər digər hökumət təmsilçilərinin üzərinə edilən hücumlar başadüşüləndir. Necə deyərlər siyasət adamlarının taleyi budur. Önəmli məsələ onların istəkləri, mövqeləri cəmiyyətin problemlərinin həlli üçün atdığı addımlar arzu etdiyimiz səviyyədə olsun. Yəni 1 il sonra kiminsə adına, şəxsiyyətinə edilən hücumlar unudulacaq. Amma bu dövlət qalıcıdır, ona görə də bu ölkənin azadlığını qorumaq önəmlidir. Onun təhlükəsizliyini təmin etmək önəmlidir. Bunları həll etdiyimiz təqdirdə, ayrı-ayrı şəxslərin karyera itkisi və nüfuz aşınması o qədər də böyük faciə deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR