"Hara baxır maliyyə naziri Samir Şərifov?" - Nazirə qarşı ittiham

img

03-12-2016 [13:53]


Dünyada gedən iqtisadi böhranın təsiri ilə Azərbaycanda da müşahidə edilən bahalaşmaya sərt reaksiya verənlərdən biri də hər zaman iqtidar cəbhəsinin yanında olduğunu deyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Məsələ ilə bağlı Modern.az-a danışan Hafiz Hacıyev bildirib ki, həyatını həmişə bu millət, xalq üçün şam kimi əridib:

"İstər nazir olduğum dövrdə, istərsə də ondan əvvəllər qarşıma qoyduğum məqsədim bu olub. Dünyada elə bir barometr yoxdur ki, kimin iqtidar, kimin müxalifətçi, kimin qatı müxalifətçi olduğunu ölçsün. Bilirsiniz, mən həmişə həqiqəti demişəm. Mən bu gün də düzün, həqiqətin, xalqın yanındayam. Mən heç vaxt rüşvətxor məmurlarla bir yerdə ola bilmərəm. Ona görə də mənim apardığım mübarizə millətim üçündür. Mən bu verdiyim mücadilənin qarşılığında da xalqdan nə isə ummuram. Bunu ona görə etmirəm ki, mənim heykəlimi qoysunlar, yaxud öləndən sonra meyitimi yandırsınlar”.

"Hanı Cəmil Həsənli, hanı Əli Kərimli?”

H.Hacıyev hər zaman müxalif mövqeyi ilə səs-küy salanlara müraciət edib:
"Millətimin bu vəziyyətdə olması məni çox narahat edir. Azərbaycanda özünü ana müxalifət adlandıranlar qiymət artımı ilə bağlı səsini qaldırmayıb. Harada qalıb hörmətli Cəmil Həsənli, hörmətli Əli Kərimli və digərləri? Yoxdurlar. Deməli, belə çıxır ki, bunlar ancaq Azərbaycanın pis gününə sevinir. Mən müxtəlif vəzifələrdə olan biri kimi bunu görmüşəm”

"Mən təkbaşına müxalifətəm”

Partiya sədri özünün əsl müxalifətçi olduğunu vurğulayıb: "Bu gün Azərbaycanda əsl müxalifət mənəm. Mən nə vaxt desəm, o vaxt ölkədəki vəziyyəti düzəltməkdən ötrü meydanlara çıxacağıq. Biz artıq 11 nəfərdən ibarət mitinq komitəsi də yaratmışıq. Sosial şəbəkələrdən mənə daxil olan müraciətləri nəzərə alaraq bu addımı atdıq. Ümumilikdə xalqın özünün öz taleyinə bir ögeylik var. İctimai rəyi öyrəndikdən, xalqdan gələn sifarişi aldıqdan sonra hərəkətə keçəcəyik”.
H.Hacıyev "Siz xalqı meydanlara toplamaq üçün müraciət etdiyiniz zaman onların ətrafınızda birləşəcəyinə inanırsınızmı” sualına cavab olaraq "bəli”,- deyib.

"Azərbaycanı bu vəziyyətə salan "qocalar evi”dir”

"Azərbaycanın bu vəziyyətə düşməsinin səbəbkarı hökumətdəki "qocalar evi”dir. Nə qədər ki, kiflənmiş başlar orada oturub, Azərbaycanın vəziyyəti bundan da pis olacaq. Bəlkə də bir neçə aydan sonra bu günlərə şükür deyəcəyik.

Hara baxır maliyyə naziri Samir Şərifov? Bu adamın maliyyə savadı yoxdur. Təsəvvür edin ki, 9 milyonluq əhaliyə 9 milyonluq büdcə təqdim edirlər. Azərbaycanın pulunu xaricilərə 4 faizlə, yerli adamlara 17-18 faizlə verirlər. Beynəlxalq bank işində nələr ortaya çıxdı. 9 milyard hara gedib, bu adam hələ də hesabat vermir. Bu kimdir, göydən zənbillə düşməyib ki?! Baş nazir Artur Rasizadənin varlığı ilə yoxluğu bilinmir. Amma Xorvatiyanın xanım prezidenti Bakıya gələndə dirilmişdi.

Bunların hamısını açıb demək mənim üçün də çox ağırdır Hələlik mitinq üçün yer ayrılmayıb. Digər partiyalarla da danışıqlar gedir. Mən istəyirəm ki, həm də təkbaşına öz gücümü yoxlayım ki, təkbaşına müxalifət olsam xalq hara qədər mənimlə olacaq. Ondan sonra da işlərimizi müəyyənləşdirəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR