Maska сıran hökumət

img

30-11-2016 [15:37]


Hökumətin qiymət artımı ilə bağlı qərarı ölkəni silkələdi. Nə təhər silkələndisə, maskalar yerə düşdü, hamının əsl siması göründü.

Millətin vəkili olduqlarını iddia edənlərin kimlərin vəkili olduğu məlum oldu. Sosial dövlət qurmaq iddiasında olanların bir mandata ideyanı da, partiyanı da, ad-sanı da qurban verdiklərinin şahidi olduq. Uzun sözün qısası, hökumət təkcə qiyməti qaldırmadı, maskaları da cırdı.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə bildirib ki, qiymətlərin bahalaşması normaldır. Sosial dövlət qurmaq istəyən Araz müəllimin izahı da tamamilə sosialdır. Fikir verin: "Əlbəttə ki, təbii qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək, amma bu təbiidir. Çünki Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib. Neftlə qazın qiymətləri düşdüyünə görə Azərbaycanın gəlirləri azalır. Büdcəni nə iləsə doldurmaq lazımdır. Bəzən xəstəni müalicə etmək üçün cərrahiyyə əməliyyatı keçirib onun kor bağırsağını kəsib çıxarırlar”. Araz müəllimin dediyindən belə çıxır ki, Azərbaycan xalqını əməliyyat masasına uzatmışıq, böyük çoxluq, yəni, kasıb zümrə kor bağırsaqdır. Odur ki, bir dəstə məmurun və onların ətrafındakılar, eləcə də bu dəstəyə züy tutanlar əziyyət çəkməsinlər deyə kasıb camaatın boğazından kəsib onları doyurmaq lazımdır. Görünən odur ki, sosializmi biz düzgün başa düşməmişik. Hər halda, Sosial Demokratların lideri olaraq, Araz Əlizadə daha yaxşı bilər. Çoxluq bir dəstənin ac qalmaması üçün qurban verilməlidir. Bu da sosial dövlət sistemi…

Təbii ki, Milli Məclisimizin unkal deputatlarının unikal açıqlamaları bununla bitmir. Araz Əlizadəni kölgədə qoyanlar da var. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. Amman nə gizlədim, arqumentləri heyranedicidir. "Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, "Azəriqaz” və "Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək. İstər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti "kombi” istilik sistemindən istifadə etmir. Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”, - deyə qiymət artımına möhkəmcə qahmar çıxıb.

Əslində, burada təəccüblü bir şey yoxdur. Hər kəs təmsil etdiyi zümrənin maraqlarını müdafiə edir. Milli Məclisdə əyləşən deputatların hökuməti müdafiə etməsi, verilən qərarların haqlı olduğunu sübuta yetirməyə çalışması normaldır. Araz Əlizadə işığın və qazın qiymətinin qalxmasını necə normal qarşılayırsa, onun bu yanaşmasını da o cür qarşılamaq lazımdır. Rüfət Quliyev qiymət artımının imkansız ailələrə təsir etməyəcəyini qırmızı-qırmızı deyə bilirsə, tay sözüm yoxdur. Səbəb aydındır. Dağa-daşa düşməyə nə hacət. Xalqın ağır günündə onun yanında yer almayıb bahalaşmaya haqq qazandıranlar hansı tərəfdə olduqlarını göstərirlər. Eyni zamanda, onlar xalqdan mandat almadıqlarını özləri təsdiqləyirlər.

Millətin vəkili olmaq mandatı cibə qoyub ayda 2 min manat maaş almaq deyil, ağır gündə millətin yanında olmaqdır. Odur ki, bu millət özünə vəkil seçənə qədər bu cür karikaturalarla üz-üzə gəlməkdə davam edəcəyik.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR