Manatı gözləyən böyük təhlükə – Hiperinflyasiya

img

23-11-2016 [17:39]


Qulu İBRAHİMLİ, 

Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, iqtisadçı

****

Milli Məclisin müzakirəsinə təqdim olunan "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində, ilk dəfə olaraq, "il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi” müddəası öz əksini tapıb.

Belə ki, həmin qanun layihəsinin 13-cü maddəsində göstərilib:  "Azərbaycan Respublikasının 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,0 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 500,0 milyon manat təsdiq edilsin. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 10,0 milyard manat məbləğində təsdiq edilsin.” . Göründüyü kimi,  büdcə layihəsində 16,0 milyard manat proqnozlaşdırılan daxilolmanın 72%-i həcmində dövlət borclanması nəzərdə tutulur. 

22.05.2007-ci il tarixli "Dövlət borcu haqqında” və 28.10.2008-ci il tarixli dəyişikliklərlə "Büdcə sistemi haqqında” qanunlara əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin yuxarı hədləri (limitləri) təsdiq olunur; dövlət borcunun yuxarı həddi yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər.

Sual oluna bilər ki, ötən doqquz ildə qanunvericiliyin tələbləri qulaqardına vurularaq, büdcədə dövlət zəmanətinin yuxarı hədləri öz əksini tapmadan dövlət zəmanətləri verildiyi halda, 2017-ci ilin dövlət büdcəsində dövlət zəmanətinin yuxarı həddi birdən-birə necə yada düşüb və fantastik məbləğdə – 10 milyard manat, yəni büdcə daxilolmasının 63%-nə (!) bərabər olan dövlət zəmanəti nəzərdə tutulub? 

 "Dövlət borcu haqqında” Qanunun 6-cı madəsinə əsasən, ölkənin sosial-iqtisadi inkişafını təmin edən hansı dövlət dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı əlavə maliyyələşməyə tələbat və dövlət borcunun digər göstəriciləri (borcun ümumi daxili məhsula nisbəti, borcun mal və xidmətlərin ixracının həcminə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmışdır?

Beynəlxalq Banka ayrılan vəsait 20 milyard manatı keçəcəkmi?

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında AR Prezidentinin 15.07.2015-ci il tarixli Fərmanının 2.2.-ci maddəsində göstərilmişdir ki, "Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (bundan sonra –ABB) aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır. 

"Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında AR Prezidentinin 07.08.2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş Şərtlərin 6-cı maddəsində göstərilmişdir ki, 2015-ci il üzrə istiqrazların emissiyasının həcmi 3,0 (üç) milyard manat təşkil edir və 2015-ci ildən sonrakı növbəti illər üzrə istiqrazların emissiyasının həcmi ABB-dən aktivlərin alınması tədbirləri və hər ilin dövlət büdcəsinin daxili borclanma limiti ilə uzlaşdırılmaqla AR Mərkəzi Bankı ilə razılaşdırmaqla AR Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Yenə həmin Şərtlərin 2-ci maddəsində göstərilir ki, "Aqrarkredit” QSC tərəfindən ABB-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə mərhələlərlə ümumi həcminin yuxarı həddi 10,0 (on) milyard manat məbləğədək olan istiqrazların buraxılışı həyata keçirilir.

Əcaba, ötən doqquz ildə qanunvericiliyin tələblərini pozmaqla, dövlət zəmanətinin yuxarı hədlərini dövlət büdcəsi layihələrində nəzərdə tutmağı "unudan” Maliyyə Nazirliyi və aidiyyatı digər dövlət orqanlarının 2017-ci il üçün dövlət büdcəsində birdən-birə xatırlaması ABB ilə bağlı ola bilərmi?

ABB-nin  cari ilin birinci yarısına aid konsolidə edilmiş audit hesabatında bildirilir ki, Bankın problemli kreditlərinin "Aqrarkredit”ə ötürülməsinin birinci mərhələsi çərçivəsində 9,93 milyard manat dəyərində  kreditin ötürülməsi təmin edilmişdir və hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. bu prosesin 2016-cı ilin ikinci yarısı – 2017-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır. Audit hesabatına inansaq, deməli, 2017-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 10 milyard manatlıq dövlət zəmanəti ABB-nin problemli kreditləri ilə bağlı "Azərkredit”in istiqrazları üçün ayrılır. Onda ABB-yə məxsus problemli aktivlərin alınmasının və idarəedilməsinin maliyyələşdirilməsi məqsədi ilə buraxılan istiqrazların ümumi buraxılış həcmi 20 milyard manata çatacaq. Halbuki, yuxarıda qeyd olunduğu kimi, Prezidentin müvafiq Fərmanında ABB-nin problemli kreditləri üçün buraxılan istiqrazların ümumi həcminin yuxarı həddi 10 milyard manat nəzərdə tutulub. Görünür, yaxın vaxtlarda həmin Fərmanda da dəyişiklik edilərək, istiqrazların ümumi həcmi ən azı 20 milyard manata çatdırılacaq.

Beynəlxalq Bankın sağlamlaşdırma tədbirləri qanunlara ziddir 

bank-merkez

ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri üzrə normayaratma fəaliyyəti, tətbiq olunan icra mexanizmi mövcud qanunvericiliyə – Konstitusiyaya, Normativ hüquqi aktlar haqqında, Mərkəzi Bank haqqında, Büdcə sistemi haqqında, Dövlət borcu haqqında, müvafiq illərin dövlət büdcəsi haqqında qanunlara, beynəlxalq normalara, Beynəlxalq Valyuta Fondunun prinsip və qaydalarına ziddir. Eyni zamanda, elmi cəhətdən də əsası olmamışdır.

ABB-nin sağlamlaşdırılması ilə bağlı normayaratma fəaliyyəti elə bir psixoloji ab-havada, intelektual çərçivədə həyata keçirilmişdir ki, həmin ərəfədə həmçinin alkoqollu içkilərin pərakəndə satışında nağd hesablaşmaların qadağan olunması, fiziki şəxslərin 10000 dollar gömrük dəyərində müvafiq mallarına gömrük güzəştinin verilməsi barədə qərarlar da qəbul olunmuşdu və qısa müddət sonra həmin qərarlar ləğv edildi və ya yenidən baxıldı. Təəssüf ki, ABB-nin sağlamlaşdırılması ilə bağlı qərara yenidən baxılmadı. Atılan yanlış addımlar ilə Mərkəzi Bankı kvazi-fiskal monetarizasiyaya cəlb etməklə, onun balansında tarazlığın pozulmasının yaratdığı fəsad, ABB-nin aktivlərinin səmərəsiz (nəzarətsiz) istifadəsi faktından da ağır olmuşdur. Milli valyutanın sürətlə dəyərdən düşməsinin davamlı xarakter alması, ölkədə maliyyə sabitliyinin pozulması  ilə nəticələnib.

Konstitusiyasın 149-cu maddəsinin IV hissəsinə əsasən, AR Prezidentinin fərmanları AR Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Habelə, normativ hüquqi aktların ierarxiyasında Milli Məclisin qəbul etdiyi qanunlar AR Prezidentinin qəbul etdiyi fərmanlardan üstün qüvvəyə malikdir. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.

Dövlət borcu və büdcə sistemi haqqında qanunlara əsasən, dövlət borcunun yuxarı həddi yalnız müvafiq il üçün dövlət büdcəsi haqqında AR-nın Qanununa dəyişikliklər edilməklə artırıla və ya azaldıla bilər. 2015-ci ilin dövlət büdcəsində daxili dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manat təsdiq edilib. 2015-ci ildə Mərkəzi Bankın vəsaitləri hesabına iki təkcə quruma – ABB-nin problemli kreditlərinin "Aqrarakredit”ə ötürülməsinə 3 milyard manat və ARDNŞ-yə verilən 1,3 milyard manat kreditə, cəmi 4,3 milyard manatlıq dövlət zəmanəti verilmişdir ki, bu da həmin ilin dövlət büdcəsində daxili borclanma üçün nəzərdə tutulan limitdən dəfələrlə artıq olub. 2016-cı ilin dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi 3,5 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 5 milyard manat nəzərdə tutulduğu halda, təkcə ilin birinci yarısı ərzində ABB-nin problemli kreditləri ilə bağlı 7 milyard manatlıq dövlət zəmanətinin verildiyi məlum olur. Göründüyü kimi, dövlət zəmanətlərinin verilməsi Milli Məclisin qəbul etdiyi 2015-2016-cı illərin dövlət büdcələrində nəzərdə tutulan yuxarı hədlərdən artıq olub.

Hələ digər iri dövlət müəssisələrinin borclanmalırına verilən dövlət zəmanətlərini sadalamıram. Qanunvericiliyin tələblərinə görə, dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığı təmin edilməlidir, dövlət borcunun həcminə və tərkibinə dair məlumat açıq olmalı və internet şəbəkəsində yerləşdirilmə yolu ilə elan olunmalıdır. Maliyyə Nazirliyinin saytında təkcə xarici dövlət borcu barədə məlumat var, daxili dövlət borclanmalarının statistikası və tərkibi barədə məlumatlar mövcud deyil.  

Mərkəzi Bank haqqında qanun ABB-nin sağlamlaşdırılması ilə bağlı Fərmanda göstərilən qaydada dövlətə kredit verməyi qadağan edir. Xatırladım ki, "Aqrarkredit”in emissiya etdiyi istiqrazları Mərkəzi Bank tərəfindən satın alınır və ABB likvid vəsaitlərlə təmin olunur. ABB-nin problemli aktivlərinin Mərkəzi Bankın likvid vəsaitini cəlb etməklə "Aqrarkredit”ə ötürülməsi yolverilməzdir, Mərkəzi Bankın müstəqilliyi prinsipinin pozulmasıdır. ABB-nin probleminin Mərkəzi Banka yoluxdurulması onu tərkisilah edərək, qlobal iqtisadi böhran şəraitində ölkə iqtisadiyyatı üçün vacib olan optimal pul siyasəti qərarları qəbul etməsi imkanlarından məhrum edib. Yeri gəlmişkən, xatırladım ki, Dövlət Neft Şirkətinə dövlət zəmanəti ilə Mərkəzi Bankın vəsaiti hessabına 2015-ci ildə 1,3 milyard manat kredit verilməsi də düzgün olmayıb: Mərkəzi Bankın funksiyalarına neft-qaz emalı komplekslərinin maliyyələşdirilməsi daxil deyildir.

Manatın devalvasiyasında Beynəlxalq Bank problemi əsas rol oynayır. Hiperinflyasiya təhlükəsi var

bank beynelx

Milli valyutanın dəyərinin 2015-ci ildən davam edən sürətli ucuzlaşmasında məhz ABB-yə və ARDNŞ-a ayrılan vəsaitlər əhəmiyyətli rol oynayır. Belə ki, həmin vəsaitlər Mərkəzi Bankın balansının şişməsinə, cəmi maliyyə aktivlərində manatla ifadə olunan yerli aktivlərin xüsusi çəkisinin artmasına, valyuta aktivlərinin çəkisin isə azalmasına səbəb olur. Valyuta aktivlərinin manat ifadəsində xüsusi çəkisinin artırılması üçün manatı ucuzlaşdırmaq zərurəti yaranır və valyutalı aktivlərin dəyəri artırılaraq balansda tarazlıq təmin olunur. Əks halda, valyutalı aktivlərin çəkisinin aşağı olması Mərkəzi Bankın və dövlətin maliyyə sisteminin reytinqini aşağı salar.

Şərti rəqəmlər əsasında izah edək: məsələn, tutaq ki, ilin əvvəlinə Mərkəzi Bankın 1USD=1,5AZN məzənnə ilə dəyəri 6 milyard manat olan 4 milyard dollar həcmində xalis valyuta aktivi və 6 milyard manat da yerli aktivi (məsələn, yerli banklara verdiyi kreditlər) var. Bu zaman 12 milyardlıq cəmi aktivin içərisində xalis valyuta aktivi ilə yerli aktivin xüsusi çəkiləri 50%-50% nisbətində olur.  Hesab edək ki, ilin sonuna xalis valyuta aktivləri kəmiyyətcə dəyişmir, elə 4 milyard dollar (manatla 6 milyard) olaraq qalır. Amma il ərzində ABB kimi banka 8,0 milyard manat vəsait ayrılması nəticəsində yerli aktivlər artıb, ilin sonuna 14 milyard (6+8) manata çatır. İlin sonunda məzənnə dəyişməyərək 1USD=1,5AZN qalarsa, 20 milyard (6+14) manat olan cəmi maliyyə aktivlərin tərkibində xalis valyuta aktivinin çəkisi 30%-ə düşər, yerli aktivlərin çəkisi isə 70,0%-ə qalxar. Mərkəzi Bank, ilin sonuna balansında qismən tarazlıq yaratmaq məqsədilə, xalis valyuta aktivinin xüsusi çəkisini artırmaq üçün məzənnəni 1USD=3AZN etməklə, valyutalı aktivlərin manat ifadəsində dəyərini 12 milyard manata çatdırmağa məcbur olur. Beləliklə, ilin sonuna 26 milyard (12+14) manat olan cəmi aktivlərdə valyutalıların xüsusi çəkisi 46,2%, yerlilərin çəçisi 53,8% olur.

Mərkəzi Bankın həddən artıq kvazi-fiskal yüklənməsinin davam etdirilməsi yüksək inflyasiyaya, hətta gələcəkdə ölkədə hiperinflyasiyaya səbəb ola bilər.

Bu pişikdirsə, ət hanı? Ətdirsə, pişik hanı?

Azərbaynan Beynəlxalq Bankının 2016-cı ilin I yarımilliyi üzrə konsalidə edilmiş audit hesabatından görünür ki, bankın aktivlərinin dəyəri heç 14 milyard manata çatmır və bunun da 10 milyard manatı birinci mərhələdə Mərkəzi Bankın vəsaitləri ilə artıq təmin edilmişdir, yerdə 4 milyard qalır. 2017-ci ildə ikinci mərhələdə nəzərdə tutulan əlavə 10 milyard manat problemli kreditin Mərkəzi Banka yüklənərək 20 milyarda çatdırılması məşhur məsəli xatırladır: "Bu pişikdirsə, ət hanı? Ətdirsə, pişik hanı?”. 2015-ci ilin və 2016-cı birinci yarısının ilin hesabatlarından da görünür ki, bankda əvvəllər mövcud olmuş hallar yenə davam edir: balansarxası hesablarda saxlanılan akkreditivlər və zəmanət məktubları üzrə öhdəliklər yenə artır.

"Aqrarkredit”in istiqrazlarının bir qismini Neft Fonduna satmaq lazımdır

2014-cü ilin sonuna ABB-nin xarici valyutada təqribən 7,3 milyard dollar balans öhdəlikləri, 2,8 milyard dollar balansarxası təəhhüdləri (akkreditiv, zəmanət məktubları) olub. Təbii ki, bunların hamısı problemli ola bilməzdi. Problemli aktivlərin Mərkəzi Banka yüklənməsindəki yanlışlıq həm Mərkəzi Bank, həm ABB, həm də ölkə iqtisadiyyatı üçün həmin kreditlərin səmərəsiz və nəzarətsiz istifadəsi faktından da ağır nəticələrə səbəb olmuşdur. Hökümət sağlamlaşdırma tədbiri kimi, problemli aktivlərin ötürülməsində Mərkəzi Bankın deyil, Dövlət Neft Fondunun vəsaitlərindən 4-5 milyard dollar istifadə etməliydi. Düzdür, mövcud qanunvericilik Mərkəzi Bankın vəsaitləri kimi, Neft Fondunun da vəsaitlərindən istifadəyə imkan vermir, amma iki pisdən (qanun pozuntusundan) nisbətən yaxşısı Neft Fondu idi. Hələ gec deyil, ilin sonunadək "Aqrarkredit”in istiqrazlarının bir qismini Neft Fondu alarsa, Mərkəzi Bankın balansı qismən tarazlaşar. Mərkəzi Bankı Maliyyə Nazirliyinin bir departamenti kimi davranmaqdan xilas etmək, onun müstəqilliyini özünə qaytarmaq lazımdır.

Milli Məclis 2017-ci il büdcəsində Beynəlxalq Banka Mərkəzi Bankdan daha 10 milyard manat verilməsini nəzərdə tutan dövlət zəmanətini təsdiq etməməlidir. Bu, nə savadsızlıq, nə səriştəsizlik, nə də dəlilik deyil: Azərbaycan dövlətinə qarşı əməlli-başlı təxribatdır. Müstəqil qurum olmalı olan Mərkəzi Bankı tərkisilah edərək, iflic vəziyyətinə salandan sonra, indi də qanunverici qurum olan Milli Məclisi təxribata bulaşdırmaq lazım deyil. Yoxsa, manat Zimbabvenin valyutasının gününə düşəcək.

Dövlət qurumları rəhbərlərinin dövlətin dilinə münasibəti

Azərbaycan Beynəlxalq Bankının 2015-ci ilin I yarısı və illik audit hesabatları, 2016-cı ilin I yarısının audit hesabatı ingilis dilindəki variantı yayımlanır. Görəsən, bu hesabatlar Maliyyə Nazirliyinə, Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və digər dövlət qurumlarına hansı dildə təqdim olunur? Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərliyinin bir müsbət xüsusiyyəti var idi ki, hansı yanlışlıqlara yol versə də, audit hesabatlarının dövlətin dilində yayımlamağı özünə borc bilirdi. Başa düşürdü ki, dil bilmək qabiliyyət, savad məsələsi deyil: Hindistanda bomjlar da ingilis dilini bilir. Bir ölkədə dövlət qurumlarına rəhbərlik edənlər dövlət dilinə etinasız münasibət bəsləyirsə, deməli, idartəetmədə nə xalq amili var, nə də dövlət tərbiyəsi!

Strateq.az


Digər xəbərlər
SON XƏBƏRLƏR