Səhiyyə Nazirliyi rezidentlərin işə qəbul qaydalarını açıqlayıb

img

18-05-2016 [12:47]


Azərbaycanda "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"na əsasən, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bildirib ki, əvvəllər Səhiyyə Nazirliyi ilə rezidenturaya qəbul olanlar arasında müqavilə bağlanmırdı. 2013-cü ildən Nazirlər Kabinetinin qərarına əsasən, rezidentlərlə nazirlik arasında "Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında" müqavilə bağlanılır. Onun sözlərinə görə, indiyədək təyinat alma prosesində 242 rezident iştirak edib: "Onların əksəriyyəti təyinatla getdiyi müəssisələrdə çalışır. Səhiyyə Nazirliyi ilə müqaviləsi olmayan, yaxud təyinatdan imtina edənlər sonradan mərkəzləşdirilmişqəbulda işə qəbul olunurlar. Adətən, rezidenturanı bitirənlərin əksəriyyəti təyinatda iştirak edərək təklif olunan vakant yerlərdən seçim edirlər".


Nazirlik rəsmisi qeyd edib ki, 3 illik təyinat müddəti başa çatdıqdan sonra onlar işlədikləri müəssisədə fəaliyyətlərini davam etdirə bilərlər. Bunu istəməsələr, mərkəzləşdirilmiş qaydada imtahan verərək özlərinə uyğun vakant yerdə işləmək imkanları var.

T.Əhmədova təyinatdan imtina etmə səbəblərini də açıqlayıb: "Müqavilə olmadıqda rezidentlər təyinatdan imtina edə bilərlər. Bəzi rezidentlər evlərinə yaxın yerdə işə düzəlmək istəyirlər. Bu halda da onlar təyinatdan imtina edərək sonradan mərkəzləşdirilmiş qaydada imtahan verməklə yaşayış yerlərinə yaxın müəssisədə vakant yerə işə qəbul olunurlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR