Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
vəsaiti ilə həyata keçirdiyi “Gənclik-Bərabər imkanlar” layihəsi
çərçivəsində növbəti dəyirmi masa keçirib.
Azərbaycanda gender probleminin
mövcud vəziyyətinə həsr olunmuş dəyirmi masada iştirak edən tələbə-gənclərin
təklifləri dinlənib, gənclərin çoxşaxəli debatlarda bir araya gəlməsi
vasitəsilə Azərbaycanda gender probleminin müəyyənləşdirilməsi və həlli
yolları müzakirə edilib. Azərbaycanda gender bərabərliyi mədəniyyətinin
nisbətən aşağı səviyyədə olduğunu deyən BBTK-nın prezidenti Aysəba Mirzəyeva
bu problemin regionlarda daha qabarıq göründyünü bildirib: “Ölkəmizdə gender
problemi kəskin şəkildə özünü göstərməsə də, cəmiyyətdə qadın-kişi
bərabərliyi sahəsində neqativ hallar hələ də mövcuddur. Bu isə hüquqi dövlət
quruculuğu prosesində insan potensialından tam şəkildə istifadə edilməməsi
ilə yanaşı, həm də kişi və qadın hüquqlarının bərabər imkanlarla
realizəsinə mane olur”. Gəncləri vətəndaş cəmiyyətinin inkişafında fəal
olmağa çağıran A.Mirzəyeva gender mövzusunda Azərbaycanın 2 universitetində
debatların keçirilməsinin planlaşdırıldığını deyib: “Debatların təşkilinə
qədər gənclərin iştirakı ilə bu istiqamədə bir sıra ictimai müzakirələr
aparmaq fikrindəyik. Kişilərin və qadınların iştirakıyla keçiriləcək
müzakirə və diskussiyalar gəncləri, vətəndaş cəmiyyətinin müxtəlif
təbəqələrini, media və QHT nümayəndələrini əhatə edəcək”.
Tədbirə qatılan Azərbaycanda təhsil alan əcnəbi tələbələr hazırda bu
mövzunun bütün dünyada geniş müzakirə olunduğunu bildirərək, daha çox kənd
və əyalətlərdə yaşayan qadınların bu problemdən əziyyət çəkdiklərini qeyd
ediblər. Tələbə-gənclər keçirilən müzakirə və diskussiyaların cəmiyyətə
mühüm təsirinə toxunaraq, belə tədbirlərin təşkilinə ehtiyac olduğunu
bildiriblər.