Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütərəqqi addım atıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Azərbaycanda ünvanli sosial yardım alanların siyahısı ictimailəşdirilib.

Mia.az xəbər verir ki, artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olu-olmadığını görə biləcək. 

Bu yardım özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulur. Amma heç kimə sirr deyil ki, bu gün Azərbaycanda 2 maşını, topdağıtmaz ev-eşiyi, geniş maddi imkanları olan onlarla vətəndaş ünvanlı dövlət sosial yardımı alır.

Beləliklə də yeni nazir  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini, ünvanlı dövlət sosial yardımının təyinatında ədalətsizliyin aradan qaldırılacağını nümayiş etdirib.

Nazirlik vətəndaşlardan xahiş edib ki, qeyd edilən siyahılarla tanış olaraq, aztəminatlı olmayan, lakin ünvanlı yardım təyin olunmuş  ailələrlə bağlı nazirliyin [email protected] poçtuna,  142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlarla məlumat versinlər. Belə məlumatlar ünvanlı dövlət sosial yardımlarının təyinatı işində ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində nazirlik tərəfindən aparılan işlərə öz töhfəsini verəcək. 

Ünvanlı dövlət sosial yardımı alanların siyahısına buradan  baxmaq olar. Buyurun baxın, tanıdığınız adamları görün. 

Maraqlıdır, indi görəsən 2-3 maşını, evi, işi olan, amma kasıbların puluna göz dikənlər utanacaqmı?